7 Noyabr 2018 22:05
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın noyabrın 5-dən İrana sanksiyaların ikinci dalğasını tətbiq etməsi bu ölkənin neft-qaz satışını məhdudlaşdırmaqla sosial-iqtisadi, ən əsası siyasi problemlərə yol açacaq.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, bununla Vaşinqtonun əsas siyasi hədəfi İran daxilində kütləvi etiraz aksiyalarına nail olaraq, hakimiyyətə müqaviməti artırmaqla rejimi dəyişmək, yaxud da İranı təslimçi nüvə sazişinə imza atdırmaqdır:

“Vaşinqton iki hədəfindən birinə nail olmayınca İran siyasətindən geri çəkilməyəcək. Məhz İrana tətbiq olunan sanksiyalar, nüvə sazişindən birtərəfli çıxmaq Vaşinqtonun Yaxın Şərq planının reallaşması istiqamətində İranı taktiki cəhətdən zəiflətmək, onun əl-qolunu bağlamaqdır. Artıq Vaşinqton prosesə başlayıb, siyasi hədəflərinə çatmaq üçün mümkün variantlardan istifadə edəcək”.

Siyası şərhçi əlavə edib ki, hazırda bu sanksiyalara görə İranın hakimiyyət strukturlarında ciddi fikir ayrılıqları ortaya çıxıb:

“İranın xarici işlər naziri Cavad Zərif ABŞ-la danışıqların aparılmasının tərəfdarıdır. Bunu dəstəkləyənlər də var. Digər qrup isə mühafizəkar baxışlıdır, axıra kimi bu xətti qorumağı tələb edir. Sanksiyalar İran rejimini daxildən parçalanmağa doğru aparacaq.

Onu da qeyd edim ki, Vaşinqtonun İranı SWİFT sistemindən çıxarması ölkənin maliyyə sistemində ciddi böhrana yol açacaq. Bu da bank sistemini, beynəlxalq maliyyə əməliyyatlarını çətinləşdirəcək. Sanksiyalar ciddi böhrana gətirib çıxarsa, neft satışında problemlər ortaya çıxarsa İran Yəməndə husilər vasitəsilə Səudiyyə Ərəbistanının neft-qaz yataqlarına raket zərbələri endirəcək. Həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin neft-qaz infrastrukturunu hədəfə alacaq. Bu da Yəmən müharibəsinin miqyasının genişlənməsinə gətirə bilər. Problemlərin tez bir zamanda inkişaf etməməsi üçün Vaşinqton 8 ölkənin İrandan neft alışına “yaşıl işıq” yandırıb. Bir müddətdən sonra 8 ölkə də neft alışını dayandırsa, İran isə danışıqlara deyil, aqressiyaya gedərsə körfəzdə yeni müharibə alovlana bilər”.


Müəllif: Səxavət

Oxşar xəbərlər