16 Noyabr 2018 08:17
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa həmişə ermənilərin yanındadır, bu ölkənin missiyası Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəlməyib. Birmənalı şəkildə bütün fəaliyyətləri Dağlıq Qarabağdakı qondar rejiminə və Ermənistana yardımla bağlıdır. Dəfələrlə Dağlıq Qarabağdakı separatçıların rəhbəri və nümayəndələri Fransaya səfər edib, görüşlər, pulyığma mərasimi keçirirlər. Bu dövlət ATƏT-in Minsk qrupunun həmsədri ola bilməz.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Dağlıq Qarabağ qondarma rejiminin rəhbəri Bako Saakyanın Paris səfərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Fransanın ayrı-ayrı şəhərləri ilə Azərbaycanın işğal olunmuş şəhərlərini erməni şəhəri adı ilə qardaşlaşır: “ Bütün bunlar aydın şəkildə göstərir ki, onlar Ermənistanı və bu ölkənin Azərbaycana qarşı işğalını dəstəkləyirlər”.
Akif Nağı qeyd edib ki, Fransa Azərbaycanın yaşadığı problemlə üz-üzə olsa da, Ermənistanın işğalçılıq siyasətinə dəstək verir: “Yeni Kaledoniya, Korsika, Mayorka Fransadan ayrılmaq uğrunda mübarizə aparırdı. Bu yaxınlarda reallaşan Yeni Kaledoniyadakı referendumu ermənilər başqa prizmadan təqdim etməyə çalışdılar. Qeyd edirdilər ki, Fransa demokratik ölkədir və ərazisinin bir hissəsində əhalinin fikrini nəzərə alaraq referenduma imkan verdi. 1998-99-cu illərdə bu üç ərazinin hər birində Fransadan ayrılmaq barədə hərəkat başlamışdı. O dövrdə Fransa Prezidenti Jak Şirak hərəkatçıların lideri ilə razılığa gəldi ki, bu məsələ 2013-2018-ci ilədək təxirə salınsın. Artıq bu məsələnin vaxtı gəlib çatdı, Yeni Kaledoniyada referendum keçirildi, təbii ki, iş aparmışdılar, əhalinin əksəriyyəti ayrılmanın əleyhinə səs verdi”.

Onun fikrincə, dünyada separatçılığa, dövlətin ərazi bütövlüyünün pozulmasına meyl yoxdur: “Ermənilər də bundan özünə nəticə çıxarmalıdır. Fransa belə bir problemin içində ola-ola ermənilərin separatçılığını dəstəkləyir. Belə bir situasiyada Fransanın Qarabağ məsələsində ədalətli mövqe tutacağına heç kəs inanmır. Onun sərgilədiyi mövqe Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı nəzərdə tutulan siyasətə uyğun gəlmir. Fransa birmənalı şəkildə həmsədrlikdən çıxarılmalıdır”.

QAT sədri qeyd edib ki, Azərbaycan tərəfindən adekvat cavab verilməlidir: “Cəmiyyət də öz mövqeyini ortaya qoymalı, fransız mallarının boykotu gündəmdə ola, Fransanın Azərbaycandakı səfirliyinin qarşısında piketlər keçirilə bilər”.


Müəllif: Nərgiz