18 Noyabr 2018 19:58
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Radikal müxalifət uzun illərdir ki, hər dəfə Milli Dirçəliş günündə, yaxud 20 yanvar Ümumxalq Hüzn Günündə siyasi şou göstərməyə adət edib.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov deyib.

O qeyd edib ki, radikal müxalifət ümummilli bayramları və tarixi günləri öz varlığını yada salmaq üçün istismar etməkdədir:

“Bu, sadəcə biabırçılıqdır. Xatirinizdədirsə, bir neçə il öncə, həmçinin bu ilin yanvarında özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qurumda birləşmiş bir qrup radikal Şəhidlər Xiyabanında sanksiyalaşdırılmamış aksiya keçirməyə cəhd göstərmişdi. Bu dəfə isə eyni hadisəni Milli Dirçəliş Günündə təkrarlamaq istəyiblər. Bunların başında isə Cəmil Həsənli və AXCP sədri Əli Kərimli dayanıb. Bu adamlara görə ölkədə yeni müxalifətin inkişafı da tamamilə dayanıb. Onlar qanunsuz aksiya iştirakçılarını polislə toqquşmaya təhrik ediblər”.

S.Abbasov qeyd edib ki, siyasi protokolların keçirildiyi məkanlar, tarixi-dini ziyarət yerləri kütləvi etiraz aksiyaları keçirilmək üçün ünvan kimi seçilə bilməz:

“Şəhidlər Xiyabanı isə həm siyasi protokollar üçün məkandır, həm də Azərbaycan tarixini çox mühüm ziyarət yerlərindən biridir. Şəhidlər Xiyabanı bizim üçün müqəddəs bir məkandır”.
ASGA sədri bildirib ki, bununla belə radikal müxalifəti təmsil edən bir qrup şəxs və onların rəhbərləri həmişə olduğu kimi bu dəfə də istəklərinə nail ola bilməyiblər:

“Belə ki, hüquq-mühafizə orqanları qanunun tələblərinə uyğun olaraq aksiya iştirakçılarına çağırış edib, qanunsuz aksiyanın qarşısını alıb, Şəhidlər Xiyabanının siyasi spekulyasiya və şou meydanına çevrilməsinə imkan verməyib. Aksiyanın təşkilatçıları isə saxlanaraq Səbail Rayon Polis İdarəsinə aparılıb”.

S.Abbasovun sözlərinə görə, aksiyadan sonra radikal müxalif fəallar tərəfindən sosial şəbəkələrdə böyük kampaniya başladılması, polis idarəsinə yürüş etmək barədə çağırışlar edilməsi aksiyanın əvvəlcədən qarşıdurmaya getmək məqsədilə düşünüldüyünü təsdiqləyir.


Müəllif: Səxavət

Oxşar xəbərlər