Azərbaycan aktiv xarici siyasət həyata keçirdiyini bir daha ortaya qoyur. Yaxın qonşu və dost ölkələrə rəsmi səfərlər Prezident İlham Əliyevin bir qayda olaraq proqramındadır. Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Türkmənistanla Azərbaycanı ortaq mədəniyyət, din və dil birləşdirir:
“Türkmənistanın indiki prezidenti Qurbanqulu Berdiməhəmmədovun dövründə Azərbaycan-Türkmənistan münasibətləri daha yüksək səviyyəyə qalxıb. İki dövlət arasında elə bir sahə yoxdur ki, orada əməkdaşlıq mövcud olmasın. Hər iki ölkə bir-birinin maraqlarına hörmətlə yanaşır, birgə əməkdaşlıq həyata keçirir və iqtisadi layihələrdə iştirak edirlər. Bir sözlə əməkdaşlığın genişləndirilməsi üçün çox böyük potensial var”.
A.Mirzəzadə qeyd edib ki, iki ölkənin yaxın dostluq münasibətləri eyni zamanda Xəzər hövzəsində sülhün təmin edilməsi üçün çox vacibdir:
“Unutmayaq ki, Azərbaycan və Türkmənistan türkdilli dövlətlərdir. Onların dost olması birgə fəaliyyət göstərməsinə xüsusi bir önəm verir. Şübhə yoxdur ki, cənab İlham Əliyevin Türkmənistana səfəri yüksək səviyyədə keçəcək. Tərəflər birgə əməkdaşlığın yeni formalarını ortaya qoyacaq və dünyaya yaxın qonşuluq və dostluğun daha bir nümunəsini göstərəcəklər”.
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Türkmənistana rəsmi səfər edib. Prezident İlham Əliyevi Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək vəzifəli şəxslər qarşılayıblar.