KTMT-nin Astana sammitindən sonra Ermənistan və onun Baş naziri Nikol Paşinyanın tarım çəkilmiş əsəbləri sakitləşmək bilmir. Paşinyanın KTMT üzvü olan dövlətləri kəskin formada tənqid etməsi və onlarla hədə dilində danışması da bunu göstərir.
Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova belə deyib.
Onun sözlərinə görə, KTMT-nin yeni baş katibi mövzusu ətrafında gedən müzakirələr Ermənistan-Belarus münasibətlərini gərginləşdirib:
“Astana sammitində Azərbaycanı dəstəkləyən fikirlərin səsləndirilməsi Ermənistanı narahat edir. Üstəgəl, bundan sonra Belarus Prezidenti Aleksandr Lukaşenko açıq formada bildirdi ki, Ermənistan KTMT-yə rəhbərlik edəcək gücdə deyil.
Əslində Lukaşenko bununla Ermənistana olan münasibətini açıqladı. Bu təkcə Lukaşenkonun yox, Belarusa dəstək verən Qazaxıstan başçısının da fikridir. Hər iki ölkənin Azərbaycanı dəstəkləməsi Ermənistanda birmənalı qarşılanmır.
Son çıxışlarından birində “ermənilərin zəif olduğunu düşünürlər, onlara bizimlə hesablaşacağına söz verirəm” deməsi, Paşinyanın beynəlxalq siyasət anlayışından xəbərsiz olduğunu göstərir. Əslində Paşinyan hədə-qorxu ritorikasını sərtləşdirməklə, Ermənistanın digər ölkələrlə münasibərini daha da gərginləşdirir. Əlbəttə, Paşinyan səsləndirdiyi hər bir fikrin arxasında durmağı bacarmalıdır”.
Ramiyə Məmmədova qeyd edib ki, hazırkı situasiyada Ermənistanın arxalana biləcəyi yeganə güc Rusiyadır:
“Ermənistan bu gün məhz Rusiyanın iqtisadi və maddi hesabına öz varlığını qoruyub saxlaya bilir. Məlumdur ki, MDB ölkələri arasında Rusiyadan asılı olan yeganə dövlət də Ermənistandır. Amma Paşinyanın axır vaxtlarda Rusiyaya göstərdiyi münasibət nə onun özünün, nə də Ermənistanın xeyrinədir.
Əlbəttə, Paşinyanın nə Belarusa gəldiyi hədə-qorxu, nə də səsləndirdiyi sərt bəyanatlar heç bir müsbət nəticə verməyəcək. Bunun Belarusa da təsirləri yoxdur. Çünki demək olar ki, Belarusun Ermənistanla heç bir sahədə əlaqəsi yoxdur”.
Qeyd edək ki, Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkodan Ermənistanla bağlı səsləndiriyi fikirlərə görə izahat tələb edəcəyini bildirib. Lukaşenkonun “Ermənistan KTMT-yə rəhbərlik edəcək gücdə dövlət deyil”, açıqlaması rəsmi İrəvanın narazılığına səbəb olub.