5 Dekabr 2018 08:38
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqdə uzun illərdir qeyri-sabitlik hökm sürür. Düzdür, hadisələr öz xarakterini, xüsusiyyətlərini dəyişir. Məsələn, ya Fələstin problemi, ya da İraq, Liviya, yaxud daha öncəki dövrdə Süveyş böhranı var idi. İndi Suriya böhranı üzə çıxır. Ancaq bura çox problemli regiondur və bu problem elə aparıcı ölkələr özləri yaradır. Sonra isə bu böhranı aradan qaldırmaq adı altında özlərinin strateji maraqlarını həyata keçirir, bu zaman təbii ki, bir-birləri ilə toqquşurlar.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

F.Sadıqovun sözlərinə görə, İsrailin Yaxın Şərqdə əsas müttəfiqi ABŞ, həmçinin ABŞ-dakı yəhudi lobbisi, onların hərbi-texniki yardımlarıdır. Hətta, ABŞ onların arxasında dayanır, hətta, bir çox hallarda İsrail vasitəsilə regionda öz maraqlarını həyata keçirir. Digər dövlətlərlə bağlı bir sıra məsələləri həll edir.

O qeyd edib ki, İsralin baş naziri Benyamin Netanyahu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasındakı görüş zamanı əsas iki məsələ müzakirə olunub:

“Bunlardan birincisi İran problemidir. İran problemi İsrailin ən ağrılı məsələsidir. İsrail bu məsələdə ABŞ-dan həmişə kömək və dəstək istəyir. Görünür, bu dəfə də istəyəyib. Zənnimcə, bununla bağlı müəyyən razılıqlar əldə edilib. İkinci problem Fələstin problemidir. Artıq Tel-Əviv bəyan edib ki, fələstinlilər digər ərəb ölkələri ərazisindən qazdıqları tunellərdən keçib İsrailə təhlükələr yaradır, təxribatlarla məşğul olur, orda terror aktları törədirlər. ABŞ və İsrail isə hesab edir ki, İran onları dəstəkləyir. Həm maddi, həm də hərbi dəstək verir. Bu da əlbəttə, İsraili çox narahat edir. Tel-Əvivin fikrincə, bunlar əsas təhlükədir”.

Politoloq əlavə edib ki, Yəməndə baş verənlər də Yaxın Şərqdə baş verən hadisələr çərçivəsində yaşanan münaqişədir:

“Çünki onlar da vuruşur, onların hər birinin arxasında dayanan qüvvələr var. Husilərin arxasında İran, şiə qüvvələri, Səudiyyə Ərəbistanında məskunlaşan Yəmənin qanuni hökumətinin arxasında isə Ər-Riyad dayanır. Bu gərginlik hələ xeyli müddət davam edəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər