6 Dekabr 2018 09:01
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan NATO üzvü olan dövlətlərin, yaxud Qərbin 25 ildir Qarabağ münaqişəsinə görə tətbiq etdiyi silah embarqosunu yardı.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertə görə, Qərbin geri addım atması, Azərbaycanın hərbi cəhətdən daha da güclənməsinə gətirib çıxaracaq:

“Artıq Qərb erməni lobbisinin səylərinə baxmayaraq, Azərbaycan kimi müştərini əldən vermək istəmir.

Bu gün Azərbaycan dünya miqyasında öz potensialına görə cəlbedici ölkədir. Bu, Çexiya, İtaliya və Fransa kimi Avropanın nüfuzlu dövlətlərinin də diqqətindən yayınmadı. Bu ölkələr silah satışı həyata keçirməklə yanaşı, Azərbaycanın siyasi şərtləri ilə də hesablaşacaqlar.

İtaliya və Çexiyadan sonra Fransa da ölkəmizə zenit-raket kompleksləri satmağı plana daxil edib. Siyahıda Böyük Britaniya da var.

Digər tərəfdən, ABŞ-la hərbi əməkdaşlıq danışıqları baş tutub. ABŞ-ın özü Azərbaycana silah satmağı təklif edib. Amerikadan bir neçə hərbi təyinatlı helikopterin alınması da bunu göstərir. Beləliklə, Azərbaycan Qərbin çəkdiyi “barrikadanı yarmaqla” Ermənistanı tamamilə küncə sıxışdıra biləcək.

Çünki silah satan ölkələr Azərbaycanın digər məsələlərdəki maraqlarını da müdafiə edəcəklər”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Qərb Ermənistanla müharibənin alovlanmasının qarşısını almağa çalışacaq və bu ölkəyə maksimum şəkildə işğal etdiyi Azərbaycan ərazilərini boşaltmaq üçün təzyiq edəcək:

“Hazırda ABŞ başda olmaqla, bir sıra Qərb ölkələri Ermənistanın yeni rəhbərliyindən bunu tələb edir. Nəzərə almaq lazımdır ki, Nikol Paşinyan Qərbin adamıdır və onun Qərbin sözündən çıxmaq imkanı demək olar ki, azdır. Belə bir vəziyyət Ermənistanın geri addım atmasına gətirib çıxara bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu