5 Dekabr 2018 19:18
1 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasaq da, onun iclasının gündəliyini, orda nə baş verdiyini bilməliyik. Orda hansı söhbətlərin edildiyindən xəbərdar olmalıyıq ki, öz gələcək strategiyamızı düzgün qura bilək.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Elçin Şıxlı deyib.

Bununla belə E.Şıxlı deyib ki, təşkilatda kimin sədr olub-olmamasının əslində bir o qədər təcrübi əhəmiyyəti yoxdur:

“Çünki oranın sədri və ağası Rusiyadır. Orada Paşinyanın, yaxud Lukaşenkonun adamının olmasının məsələyə dəxli yoxdur. Onlar sadəcə olaraq iclası aparan adamlardır. Ancaq təşkilatın bütün işini aparan Rusiyadır. Bu nöqteyi-nəzərdən Rusiyanın siyasətində də bu yaxınlarda əsaslı dəyişiklik olacağını düşünmürəm”.

E.Şıxlı qeyd edib ki, Azərbaycan nümayəndəsinin bu təşkilatın iclaslarında qonaq kimi oturub baş verənləri müşahidə etməsi normal haldır:

“Amma bu müşahidəçiliyin sonradan təşkilata üzvlük perspektivi olacaqsa, mən bunun tam əleyhinəyəm. Ermənistan nə qədər ki bizim torpaqları işğal altında saxlayır və işğaldan azad etməyə doğru hər hansı addım atmırsa, bizim orda işimiz olmamalıdır. Digər tərəfdən, bir məqamı yadda saxlayın ki, biz o təşkilatın üzvü olmuşuq. Mərhum Prezident Heydər Əliyev orda qalmağımızın heç bir əhəmiyyəti olmadığını bildiyi üçün Azərbaycanı təşkilatdan çıxardı. Heydər Əliyev isə heç nəyi boş-boşuna etməzdi”.

Siyasi analitik əlavə edib ki, Ermənistanla Rusiyanın münasibətləri bəlkə də leksikonda istifadə edilməsi düzgün olmayan sözlərə əsaslanır:

“Amma deməliyəm ki, bunlar hamısı artistlikdir. Çünki Ermənistan ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşir. Ermənistanın Türkiyə və digər xarici ölkələrlə sərhədlərinə nəzarət edən rus hərbi qulluqçularıdır. Belə olan təqdirdə Xaçaturovun Abramyanla, yaxud Çetaqurovla əvəzlənməsinin heç bir əhəmiyyəti yoxdur. Nə qədər ki, Rusiya hərbi bazası var, Ermənistanın sərhədlərinə rus qoşunları qoruyur və nə qədər ki Qarabağ münaqişəsi var, onların arasında xırda bir artistlik ola və alver gedə bilər. Məsələn, ermənilər deyir ki, “mənim payım 5 vahid idi, indi 5 yarım olmasını istəyirəm”. O da deyir, yox elə 5 qalacaq. Yəni, mən onların münasibətlərinin əsaslı şəkildə dəyişilməsini gözləmirəm”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər