“Suriyada yaşayan etniklər arasında ermənilər də var. Ermənilər Suriya hakimiyyəti ilə həmişə əməkdaşlıq etdikləri üçün erməni lobbisinin hakimiyyət daxilində mövqeyi güclü olub”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Ekspertə görə, ermənilərlə Bəşər Əsəd rejimi arasında əməkdaşlıq bütün zamanlarda mövcud olub:
“Əsəd rejimi də, erməni lobbisindən öz məqsədləri üçün istifadə edib. Müharibədə dağılmış Suriyanı bərpa etmək böyük maliyyə vəsaitləri tələb edir. Suriya hakimiyyətinin də bu qədər vəsaiti yoxdur. Necə ola bilər ki, neft və qazla zəngin olan Suriyanın maddi imkanları yoxdur? Çünki enerji resurslarının yerləşdiyi ərazilərin üçdə iki hissəsi ABŞ-ın dəstəklədiyi PKK və YPG terror təşkilatlarının əlindədir. Həmin ərazilər Amerikanın məqsədləri üçün bu terror təşkilatlarının nəzarətində saxlanılır. Türkiyənin Şərqi Fərat bölgəsində əməliyyatlara başlamasının əsas səbəblərinin biri də, bu ərazilərin terrorçulardan təmizlənərək, yerli xalqa təhvil verilməsi ilə bağlıdır. Bu baxımdan da, Bəşər Əsədin maddi problemləri həll etmək üçün erməni iş adamlarına üz tutması təəccüblü deyil.
Hesab edirəm ki, bu, Ermənistan dövləti səviyyəsində olan məsələ deyil. Bu, xaricdəki erməni lobbisi və erməni diasporunun iştirakı ilə həyata keçirilən işdir. Ermənilər Suriya hakimiyyətindəki mövqelərini saxlamaq üçün belə “əməliyyatları” yerinə yetirirlər”.
Natiq Miri bildirib ki, sözügedən məsələ daha çox qlobal səviyyədə olan məsələdir:
“Düşünmürəm ki, ABŞ buna görə Ermənistan dövlətini cəzalandıracaq. Əksinə, son məlumatlar sübut edir ki, ABŞ Ermənistanda hakimiyyətə gəlmiş Paşinyanı və ona bağlı siyasi qüvvələri dəstəkləyir. Son informasiyalara görə, Bolqarıstandan uçan 8-cü yük təyyarəsi Ermənistana silah-sursat gətirib. Hesab edirəm ki, ABŞ-ın bu silah daşınmasından xəbəri var. Ermənistana olan silah yardımlarını da bu kontekstə dəyərləndirmək lazımdır. Ola bilsin ki, erməni iş adamları ilə Əsəd arasındakı anlaşma da ABŞ-ın razılığı ilə əldə olunub”.
Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd erməni iş adamları ilə görüşüb. Paytaxt Dəməşqdə baş tutan görüşdə tərəflər arasında bir sıra anlaşmalar əldə edilib.
Onu da əlavə edək ki, Ermənistan Silahlı Qüvvələrinin Rusiyanın Suriyadakı hərbi kontingenti daxilində həyata keçirdiyi əməliyyatlarda iştirak etmək qərarı ABŞ-ın etirazlarına səbəb olub.