9 Yanvar 2019 22:30
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mehman Hüseynov Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməкlə böhtan atma) maddəsi ilə ittiham olunub və barəsində iki il həbs cəzası çıxarılıb. Ötən il dekabrın 26-da ona cəzaçəkmə müəssisəsinin əməkdaşına bədən xəsarəti yetirməsinə görə yenidən cinayət işi açılıb. Hələlik yalnız cinayət işi açılıb, istintaq aparılır. Demək, o müəssisə əməkdaşına xəsarət yetirməli, kefi istədiyini etməli və ona “çox yaxşı etmisən” deyilməlidir?!

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, baş verən hadisədən şou düzəldilməsinə çalışılır:

“Azərbaycana təzyiq göstərmək, onun nüfuzdan salmaq məqsədilə bu cür şou düzəldilir. Azərbaycan qanunları qorunmalıdır. Qanun hər bir vətəndaş üçün eynidir. Qanun alidir”.

A.Hüseynov bildirib ki, Mehman Hüseynov kimi gənclər hansısa təbliğatın toruna düşür, ondan qəhrəman düzəltmək istəyirlər:

“Hansı ki, heç bir qəhrəmanlığı da yoxdur. Azərbaycanda demokratiya var. Ölkədə internet resurslarının sayının çoxluğu, əhalinin internetə çıxışı yüksək səviyyədədir. Söz və mətbuat azadlığı var, insanlar öz fikirlərini açıq şəkildə ifadə edirlər. Daha kiməsə xəsarət yetirib, sonra da “mən jurnalistəm, məni tutdular” deyib durmaq olmaz”.

Deputat qeyd edib ki, Avropanı, o cümlədən Fransanı etiraz dalğaları bürüyüb:

“Məgər Fransa ölkəsinin qanununu pozan jurnalistin, yaxud başqa peşə sahibinin başını sığallayır, ona düz etmisən deyir? Bir daha qeyd etmək istəyirəm ki, qanun alidir və qorunmalıdır. Azərbaycanın nüfuzu artdıqca, Avropa ölkələri ilə münasibətləri genişləndikcə, yaxud dünyada mövqeləri gücləndikcə bu kimi təzyiq metodlarından istifadə etmək istəyirlər. Əlbəttə, bu məsələ ilə bağlı Avropada, ABŞ-da təbliğatın qurulmasında erməni diasporunun da rolu var. Onlar oturub elə Azərbaycanı nüfuzdan salmaqla, ölkəmiz əleyhinə təbliğat aparmaqla məşğuldur. Avropada qurulan bu təbliğatın arxasında da konkret olaraq erməni diasporunun maliyyəsi dayanır”.


Müəllif: Səxavət Həmid