16 Yanvar 2019 09:09
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab prezidentin struktur islahatlarının həyata keçirilməsi ilə bağlı imzaladığı fərmanı çox vacib fərman hesab edirəm. Çünki ölkəmizdə daha çevik, operativ idarəetmə sistemi qurulmalıdır”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

O qeyd edib ki, yanvarın 14-də bəzi qurumların ləğvi və birləşdirilməsi ilə bağlı imzalanan fərman bu məqsədə xidmət edir:

“Yəni bir-birini təkrarlayan bir neçə təşkilatın eyni qurumda birləşdirilməsi həmin təşkilatın işinin daha effektiv həyata keçirilməsinə şərait yaradacaq. Cənab prezidentin yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da qeyd etdiyi kimi, idarəetmədə müəyyən strukturlar köhnəlib.

Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Müəyyən şişirtmə halları olub, bunu aradan qaldırmaq lazımdır. Dünya praktikasında da belə qəbul olunub. Düşünürəm ki, bu istiqamətdə işlər davam etdiriləcək və Azərbaycanın iqtisadi inkişafının daha da sürətləndirilməsi, möhkəmlənməsi və idarəetmə sisteminin daha təkmil formaya salınması istiqamətində işlər görüləcək. Güman edirəm ki, yenə də bu cür fərmanlar imzalanacaq. İdarəetmə sistemində müəyyən təkmilləşmələr gözləniləndir”.

Bu prosesin iqtisadi baxımdan nə qədər səmərəli olduğuna gəldikdə isə A.Badamov qeyd edib ki, əvvəla struktur islahatları əsasən, artıq təkrar olunan strukturların aradan qaldırılmasını özündə ehtiva edir:

“Digər tərəfdən islahatlar müəyyən strukturlarda ştat vahidlərinin şişirdilməsi, yaxud müəyyən istiqamətlərdə işləyən insanların bir-birinə maneçilik törətməsi hallarını aradan qaldıracaq ki, bu da həmin təşkilatların fəaliyyətinin daha effektivləşməsinə xidmət edəcək”.


Müəllif: Səxavət Həmid