Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin əsasında hər bir vətəndaşımıza qayğı dayanır. Ölkə başçısı öz əməli, işi ilə bunu həmişə sübut edir. Bir neçə il bundan əvvəl Kür çayı daşanda xəsarət alan insanlara qısa müddətdə yardımlar edildi. 2016-cı ildə aprel hadisələrini yada salaq, düşmənin hərbçilərimizə gücü çatmadığına görə dinc əhalini, mülki vətəndaşların yaşayış məntəqələrini atəşə tutdular. Cənab prezidentimiz birinci xanımla birlikdə düşmənlə 300 metr məsafədə olan yerlərə getdi, vətəndaşlarımızla görüşdü, onların köməyinə çatdı. Bu gün də həmin diqqət və qayğının şahidiyik.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Onun sözlərinə görə, zəlzələ təbii fəlakətdir, dünyanın hər yerində baş verir, heç kim bundan sığortalanmayıb.
Deputat qeyd edib ki, heç də hər dövlət təbii fəlakətlərə belə operativ reaksiya vermir: “Birinci vitse-prezidentin Şamaxıdakı zəlzələyə münasibətini bildirirək Heydər Əliyev Fondunun əməkdaşlarına könüllü olaraq əhaliyə kömək etməsi barədə tapşırığı, ölkə başçısının Şamaxıya getməsi göstərdi ki, cənab prezidentimiz dediyi sözün ağasıdır.
Prezidentimiz hər zaman çıxışlarında bildirir ki, siyasətimiz hər bir vətəndaşın qayğısına qalmaqdan, onun təhlükəsizliyini, müdafiəsini, sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir.
Dövlət başçısı öz əməli ilə bunları təsdiqləyir, bu, alqışlanmalıdır. Cənab prezidentimizin bu qayğısının qarşılığında hər bir vətəndaş daim ona arxa olmalı, kömək etməlidir ki, daha yüksək səviyyələrdə sözünü deyə bilsin”.