9 Fevral 2019 15:04
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyevin minimum əmək haqqının artırılması haqqında sərəncamı çox müsbət addımdır. Bu sərəncamla insanların müəyyən hissəsi daha çox əməkhaqqı almaq imkanına sahib olacaq. Prezidentin bu qərarını yalnız alqışlamaq olar”.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə deyib.

Deputat əlavə edib ki, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində prezidentin verdiyi qərar mühüm əhəmiyyət daşıyır:

“Prezident çalışır ki, insanların rifah durumu bir qədər artsın. Əslində artım elə də az deyil. Faiz nisbəti ilə götürsək 30 faizdən artıq artım baş verib. Əhalimizin hər biri üçün əlavə 30 manatın əhəmiyyəti var. Prezidentin bu addımlarından məmnunluq duyuram. Hesab edirəm ki, bu xəbər on minlərlə insanı sevincinə səbəb olub”.

Araz Əlizadə əlavə edib ki, indi əsas məqsəd bu artımdan sonra inflyasiyanın baş verməməsinə nail olmaqdır.

Onun sözlərinə görə, möhtəkirlər belə artımlardan dərhal sonra qiymətləri qaldırırlar:

“Buna qətiyyən imkan verməməliyik. Azərbaycan bazarında belə möhtəkirliyə imkan vermək olmaz. Bəzən hökumət əmək haqlarını indeksləşdirir, pensiyaları artırır. Amma bundan əvvəl möhtəkirlər qiyməti artırır. Bu mənada süni qiymət artımına imkan vermək olmaz. Adətən başqa ölkələrdə belə təcrübələr var ki, ilin sonunda gəlib ticarət obyektlərinin anbarlarını yoxlayır, nə qədər satılmayan malının qaldığını müəyyən edirlər və buna görə cərimə edirlər”.

Deputat endirimlərlə bağlı məsələyə də münasibət bildirib:

“Şəhərə çıxırsan və görürsən ki, bəzi mağazalar 70-80 faiz endirim elanı edib. Adamda sual yaranır: bu malın üzərinə nə qədər pul qoymusan ki, indi onu belə endirimlə satırsan? Üstəlik, satılan mallar hansısa şirkətin özünün mağazası deyil. Məsələn, Dubayda festival keçirilir və orada ən tanınmış brendlər su qiymətinə satılır. Fevralda Milanda festival olacaq və brend mallar ucuz qiymətə satılacaq. Çünki anbarda qalan əlavə mala görə cərimə ödəmək istəmirlər. Bu səbəbdən də qalan malı dəyər-dəyməzə satırlar. Üstəlik, yeni seriya mallar da çıxır. Bizdə endirim məsələləri bir qədər fərqlidir. 30 manata aldığı malı 100 manata qoyur və sonra deyir ki, 50 faiz endirim edirəm. Bizdə tacirlə istehlakçı münasibətləri bu formada qurulub. Çünki tacirlər birbaşa daha çox pul qazanmaq istəyirlər. Onların bu istəkləri də sonda əhalinin artırılan əməkhaqqına zərbə endirir. Ona görə də möhtəkirliyə yol verilməməlidir”.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda minimum əməkhaqqının məbləği 130 manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı qərarla 2019-cu ilin martın 1-dən minimum əməkhaqqı 180 manata çatdırılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər