12 Fevral 2019 14:44
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

“XX əsrin ən vacib hadisələrindən hesab olunan və bütün dünya üçün böyük tarixi əhəmiyyət daşıyan İran İslam İnqilabının 40 ili tamam oldu. 8 yanvar 1978-ci ildə Qumda ilk böyük anti-hökumət nümayişi ilə başlayan inqilab 11 fevral 1979-cu ildə həmin günədək Məhəmməd Rza Pəhləviyə sadiq Ali Hərbi Şuranın (Baş Qərargah) şahla Xomeyni tərəfdarları arasında Tehranda başlayan küçə döyüşlərində öz neytrallığını elan etməsi ilə başa çatıb”.

Bu tarixi hadisələrin hansı dəyişikliklərə gətirib çıxardığı, dünyanın siyasi və iqtisadi həyatında hansı rolu oynaması ilə bağlı öz fikirlərini Teleqraf.com-la bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, bu hadisə dünyanın müasir tarixində böyük bir hadisədir:

“Bu, obyektiv olaraq belədir. Çünki bununla bir dövlətin ictimai-siyasi formasiyası bütünlüklə dəyişilib və regionda yeni siyasi məhfumun – islam respublikasının yaradılmasına gətirib çıxarıb.

Düzdür, o vaxtadək regionda Pakistan İslam Respublikası var idi. Amma İran İslam Respublikası ilk teokratik dövlət, eyni zamanda dövlət quruluşuna görə respublika hesab olunurdu. Bildiyiniz kimi, islam respublikası şəriət norma və prinsipləri üzərində qurulmağa başlandı. Bu, bir simbioz idi. İndiyədək belə bir şey olmamışdı. Bu simbioz nəticəsində İran İslam Respublikası yarandı”.

İ.Vəlizadə bildirib ki, İran çox dərin ənənələrə malik ölkədir:

“İran bir neçə minillik öncə yaranmış bir dövlət idi. Ölkənin bu cür transformasiyası İranın daha ambisioz, daha iddialı şəkildə regionda və dünyada rol oynamağa çalışdı. Bu isə qonşularla müxtəlif konfliktlərə gətirib çıxarıb. Məsələn, İran-İraq müharibəsi, Birləşmiş Ərəb Əmirlikləri ilə kiçik ərazi müharibəsi baş verib. İslam inqilabının baş verməsindən 10 il sonra SSRİ kimi nəhəng ölkə dağıldı və Mərkəzi Asiyada, Cənubi Qafqazda müstəqil ölkələr yarandı. İran bu ölkələr üzərində nüfuzunun artırılması istiqamətində rəqabətə qoşuldu. Bu rəqabət müxtəlif forma halını alıb və açıq şəkildə olmasa da, pərdəarxası və ya örtülü şəkildə indi də mövcuddur”.

Politoloq əlavə edib ki, İran ötən illərdə nəhəng ölkələrlə – ABŞ-la, SSRİ-nin mövcudluğu vaxtında isə SSRİ ilə rəqabət aparmaq bacarığını ortaya qoyub, regionda siyasi konstruksiyaları müəyyən dərəcədə dəyişdirə bilib:

“İllərlə bu regionda mövcud olan siyasi konstruksiyalar çökdü. İndi çox az adamın xatırladığı SENTO adlı hərbi blok mövcud idi. Onun sıralarında İran, İraq kimi ölkələr birləşmişdi. İran İslam Respublikası yaranandan sonra SENTO bloku demək olar ki, parçalandı. İraq özünəməxsus siyasət aparmağa başladı. O vaxtadək İraq öz siyasətini qonşu ölkələrlə müəyyən dərəcədə uzlaşdırmağa çalışırdı. İslam inqilabı olmasaydı, İraqın özünü necə aparacağını bilmək olmazdı. Əslində, islam inqilabı olmasaydı, Livanda hadisələrin inkişafının hansı istiqamətdə inkişaf edəcəyini bilmək olmazdı. Çünki islam inqilabından sonra Livanda “Hizbullah” kimi böyük təşkilat meydana çıxdı. Onun həm Livanda, həm də Suriyada nüfuzu kifayət qədər böyükdür”.

İ.Vəlizadə islam inqilabından sonra neft bazarında köklü dəyişikliklərin də baş verdiyini vurğulayıb:

“İnqilabdan öncə İran neft bazarında daha çox Qərb ölkələrinin siyasətinə uyğun siyasət aparmağa çalışırdı. Ancaq inqilabdan sonra İran müstəqil oyunçu kimi neft bazarına daxil oldu və Qərb şirkətləri ilə rəqabətə qoşuldu. Hətta bəzi məqamlarda onları udmuş oldu. Məsələn, Hindistan və Çinin neft bazarında İran daha aparıcı rol oynamağa başladı”.

Son illərdə İran cəmiyyətində müəyyən təbəqələşmənin getdiyini vurğulayan İ.Vəlizadə bunun müxtəlif obyektiv və subyektiv səbəblərdən irəli gəldiyini vurğulayıb:

“İran bir cəmiyyət kimi indi də transformasiya dövrünü yaşayır. Çox maraqlıdır ki, Xomeyni tərəfindən qurulan bu sistemdə daxili islahatlar mexanizmi nəzərdə tutulmuşdu. Lakin müxtəlif səbəblərdən bu islahatların sürətlə aparılması islahatlarda iştirak edən qüvvələr tərəfindən o qədər də birmənalı qarşılanmır. Onlar özləri deyirlər ki, biz islahat aparmaq istərdik, amma bu islahatları islam respublikasının doqmaları çərçivəsində aparmaq lazımdır. Bu islahatları aparmaq isə kifayət qədər çətin olur, çünki mühafizəkarlar İranın daxili siyasətində daha güclü rol oynayırlar. Beləliklə, İran cəmiyyətində daxili ziddiyyətlər artmaqdadır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər