“Hazırda Cənubi Qafqazda ciddi geosiyasi dəyişikliyin baş verdiyini düşünmürəm”.
Regionda gedən geosiyasi proseslərin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə təsir imkanları barədə Teleqraf.com-a danışan REAL Partiyasının məclis başqanı Azər Qasımlı belə deyib.
O, regionda yerləşən hər 3 dövlətin xarici siyasətində ciddi dəyişikliyin olmadığını diqqətə çatdırıb:
“Məsələn, necə ki, Ermənistan hakimiyyət dəyişikliyinə qədər Rusiyanın forpostu idi, indi də forpostu olaraq qalır. Düzdür, xarici siyasətdə dəyişiklik etməyə çalışırlar, amma ortada bunu görmürük. Ermənistan parlamentində hökumətin yeni proqramı təsdiq edildi. Həmin sənəddə Ermənistanın Rusiyanın strateji portnyoru olduğu qeydi öz əksini tapıb. Digər tərəfdən də Ermənistan qoşunları Suriyada Rusiya hərbi qüvvələri ilə birgə fəaliyyətlərdə iştirak edəcək. Bununla bağlı da yaxınlarda qərar verildi. Yəni Ermənistanla bağlı ciddi bir dəyişiklik müşahidə etmirik.
Bölgənin digər ölkəsi olan Gürcüstana gəlincə, əvvəlki illərdə Gürcüstanın Qərbə doğru inkişaf etmək trendi vardı, bu trend indi də var. İndiki halda yeni məqam ondan ibarətdir ki, Gürcüstan NATO-ya daha da yaxınlaşıb. Artıq bu ölkənin NATO üzvlüyünə qəbuletmə prosesi gedir. Ən azı ciddi şəkildə bu haqda danışmağa başlayıblar. Bu isə o deməkdir ki, Gürcüstan tamamilə Qərbə doğru getmiş olacaq”.
Azər Qasımlı qeyd edib ki, Azərbaycanın xarici siyasətində də köklü dəyişiklik baş verməyib: “Buna görə də düşünmürəm ki, regionda ciddi dəyişiklik baş verir. Digər yandan, İran-Rusiya, İran-Qərb, yaxud Türkiyə-Rusiya, Türkiyə-Qərb münasibətləri də son 5 ildə dəyişməz olaraq qalır. Bu baxımdan indiki halda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni imkanların yarandığını düşünmürəm”.