20 Fevral 2019 18:49
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Cənub Qaz Dəhlizinin həm müəllifi, həm də əsas koordinatoru kimi dəhlizin inşası istiqamətində bu illər ərzində öz üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirib”.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert Fikrət Yusifov deyib.

O qeyd edib ki, artıq gələn il Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP xətti tam istifadəyə veriləcək:
“Bundan sonra layihə tam gücü ilə işə başlayacaq. Bu, Azərbaycanın böyük uğuru və bilavasitə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi səyləri, şəxsi iradəsi nəticəsində reallaşdırılan əsrin ən böyük energetika layihəsidir. Hesab edirəm ki, bu layihə Azərbaycana çox böyük uğurlar gətirəcək. Təkcə iqtisadi müstəvidə deyil, eyni zamanda da nailiyyətlər qazanmağımıza səbəb olacaq. Bu baxımdan layihənin gələn il tam başa çatacağı ərəfədə Bakıda növbəti toplantının keçirilməsi təbii ki, gözlənilən idi. Hər kəs bilirdi ki, belə bir toplantı keçiriləcək. Yəqin ki, layihənin nəzərdə tutulan vaxtda başa çatması üçün bütün səylər bir araya gətiriləcək. Dünən keçirilən toplantıda da praktiki olaraq bu məsələlər götür-qoy edildi. Düşünürəm ki, layihə bütövlükdə Azərbaycana böyük mənfəət gətirəcək”.

F.Yusifov onu da bildirib ki, Azərbaycanın böyük qaz ehtiyatları olduğu üçün belə nəhəng layihə reallaşdıra bilir:
“Bu layihə Avropanın qaz təchizatında çox mühüm addımdır. Yəni Avropanın qaz təchizatının şaxələşdirilməsi istiqamətində görülən vacib işdir. Ona görə də bu layihənin təkcə iqtisadi deyil, eyni zamanda siyasi dəyəri də çox böyükdür. Təbii ki, on milyardlarla dollar dəyəri olan, 7 ölkənin, 11-dən çox nəhəng tikinti təşkilatının işini təşkil etməsi çox böyük işdir. Azərbaycan bunun öhdəsindən gələ bildi. Qeyd etdiyim kimi ölkəmiz bu layihənin həm müəllifi, həm də onun idarəçiliyini bilavasitə həyata keçirən tərəfdir. Belə bir layihənin bu şəkildə başa çatması bütövlükdə Azərbaycanın siyasi müstəvidə də çəkisini artıracaq”.

Qeyd edək ki, fevralın 20-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib. Prezident İlham Əliyev toplantıda iştirak edib. Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak edib. Prezidenti İlham Əliyev toplantıda nitq söyləyib.


Müəllif: Səxavət Həmid