“İranda mühafizəkarlarla mütərəqqi inkişaf tərəfdarları arasında ziddiyyət özünün pik nöqtəsinə çatıb. Cavad Zərifin istefa verməsi də məhz bununla əlaqədardır”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, islahatçı xəttin tərəfdarları nüvə silahı və raket istehsalının məhdudlaşdırılmasına dair ABŞ-la yeni danışıqlara getmək istəyirlər. Ancaq mühafizəkarlar bunu qəti surətdə rədd edir və Vaşinqtonla güc dili ilə danışmaq təklifini irəli sürürlər:
“İslahatçılar, həmçinin İranın xarici dövlətlərdə, xüsusilə İraq və Suriyada hərbi iştirakının azaldılmasını da tələb edirlər. Çünki bu hərəkətlər, o cümlədən ballistik raketlərin inşası istiqamətində atılan addımlar ABŞ-ın və bəzi digər Qərb ölkələrinin İrana sanksiyalarının sərtləşməsinə gətirib çıxarır. Bir qədər sonra İranın neft ixracı minimal həddə enə bilər. Bu isə dövlət büdcəsində çox böyük kəsirin yaranmasına gətirəcək. Odur ki, başda Cavad Zərif olmaqla islahat tərəfdarları ABŞ-la danışıqlara getməyi təklif edir. Amma başda Xamneyi olmaqla ayətullalar Vaşinqtonla nəinki danışmağı, onunla bir masa arxasında əyləşməyi də qeyri-mümkün hesab edirlər. Beləliklə də onlar sərt siyasət tərəfdarları kimi çıxış edirlər”.
Q.Hüseynli əlavə edib ki, son vaxtlar bu iki xətt tərəfdarları arasındakı mübarizə açıq müstəviyə keçib:
“İslahatçılar açıq şəkildə bəyan edirlər ki, İran dövlətçiliyi çox ciddi sınaqlarla baş-başadır və proseslərin gələcəyi çox ciddi fəlakətlər doğura bilər. Ona görə də ABŞ və Avropa ilə dil tapmaq və bütövlükdə həm nüvə, həm də raket istehsalından imtina etmək lazımdır. Mühafizəkarlar qətiyyətlə bunun əleyhinə çıxır və ölkəni daha sürətlə silahlanma yoluna dəvət edirlər. Beləliklə, İran İslam Respublikasında islahatçı qanadla mühafizəkar qanad arasında mübarizədə tərəflər artıq açıq müstəvidə, açıq platforma ilə mövqelərini xalq kütlələrinə, eləcə də dünya ictimaiyyətinə çatdırmağa başlayıblar. Ancaq üstünlük mühafizəkar qanadda olduğu üçün Zərif istefası ilə diqqəti ölkənin siyasi idarəçiliyində meydana çıxan ziddiyyətlərə və qarşıdurmalara cəlb etmək istəyir. Bu qarşıdurmaların İran üçün çox fəlakətli olacağı siqnalını verir”.
Q.Hüseynli əlavə edib ki, mühafizəkarlar öz mövqelərində dəyişiklik etməzlərsə, bu, İrana qarşı təzyiq və sanksiyaların daha da artmasına gətirib çıxara bilər.
Qeyd edək ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “İnstaqram” hesabı üzərindən istefa verdiyi ilə bağlı məlumat paylaşıb. “Xarici işlər naziri olduğum müddətdə bütün nöqsanlara görə üzr istəyirəm. İran xalqına və məmurlarına öz təşəkkürümü bildirirəm”, – deyə Cavad Zərif qeyd edib.