28 Fevral 2019 14:53
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranda iranlı rəsmilərlə, eyni zamanda Türkiyəyə ərazi iddiası ifadə edən “Ararat” komandası ilə keçirdiyi görüşlər İrandakı rejimin qeyri-səmimi və riyakar simasını ortaya qoydu”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Ekspertin fikrincə, Azərbaycan dövlətini və bu dövlətin maraqlarını dəstəkləyənlər yaxın qonşuluq münasibətlərində daha səmimi çıxış etməyə çalışırlar:

“Xüsusən də kritik məsələlərlə bağlı daha soyuqqanlı yanaşma ortaya qoyublar. Amma biz İran rejimindən belə bir yanaşma tərzini görmürük. Son zamanlarda fəal şəkildə İran-Azərbaycan münasibətlərinin inkişafından danışan, müəyyən mesajlar verən İranın Azərbaycandakı səfiri Paşinyanın Tehrana səfərinə, orada Türkiyə və Azərbaycanın əleyhinə səsləndirdiyi fikirlərə aydınlıq gətirməlidir.

Təsəvvür edin ki, Azərbaycan rəsmiləri İranda, yaxud öz doğma torpaqlarında yaşayan 30 milyondan çox azərbaycanlı ilə görüş keçirir və bu görüşdə də müəyyən şüarlar səsləndirilir. İran rejiminin bu məsələyə yanaşması necə olardı? Niyə İranda ermənilərə xüsusi status tanınır? Farsların ermənilərə sevgisinin əsasında nə dayanır? Paşinyan bunu qohumluq əlaqələri kimi qiymətləndirir. Bundan əvvəl isə iranlı rəsmilər Azərbaycanla ortaq dəyərlərdən danışırdılar. Əgər onlar ermənilərin qohumudursa, onda bizimlə heç bir ortaq dəyərə sahib deyillər. Əgər bizimlə ortaq dəyərlərə malikdirsə, o zaman Ermənistanla münasibətlərini müəyyən etsinlər”.

Elçin Mirzəbəyli qeyd edib ki, özündə Türkiyəyə qarşı ərazi iddiası daşıyan “Ararat” adlı bir klubun İrandakı mövcudluğu bu ölkənin nə qədər qeyri-səmimi olduğunu göstərir:

“Eyni yanaşma Türkiyədə olsaydı, indi İran tamam başqa cür davranış sərgiləyəcəkdi. Düşünürəm ki, dünyada bu qədər riyakar və bu qədər qeyri-səmimi rejim yoxdur. Bir tərəfdən Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu ali dini lider səviyyəsində elan edirlər, başqa bir tərəfdən isə həmin əraziləri işğal edən bir dövlətə qucaq açırlar.

Bu baxımdan Paşinyanın səfərinə heç bir ad qoymaq mümkün deyil. İstər onun Xameneyi, istər Ruhani, istər Laricani, istərsə də erməni icması ilə görüşlərdə səsləndirdiyi fikirlər də bu qəbildəndir. Söhbət ondan getmir ki, Ermənistan və İran arasında diplomatik münasibətlər var, söhbət ondan gedir ki, İran rejimi Qarabağ prosesi ərzində nə qədər səmimi davranır və niyə ermənilərə bu qədər imkan tanınır? İranda yaşayan ermənilərin öz məktəbləri var, öz bayramlarını istədikləri formada qeyd edirlər, öz dillərində qəzetləri və kitabları nəşr olunur, istədikləri kimi yaşayırlar. Az qala İran daxilində Ermənistan dövləti kimi yaşayırlar. Amma orada yaşayan 30 milyonluq Azərbaycan türkünün hüquqları tanınmır, onların mədəni hüquqları ilə bağlı səsləndirdikləri fikirləri az qala, qılıncla qarşılayırlar”.

Politoloq bildirib ki, İranda yaşayan Azərbaycan türkləri müsəlmandırlar və bu baxımdan bu islam ölkəsinə daha yaxındırlar:

“Amma buna baxmayaraq, İran rejimi xristian dünyasının içində qara ləkə olan xristian Ermənistanla daha çox işbirliyinə gedir, onun hüquqlarını daha çox müdafiə edir, daha çox dəstəkləyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər