Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı dövlət başçısının növbəti humanist addımı olmaqla yanaşı, eyni zamanda qarşıdan gələn Novruz bayramı ərəfəsində xalqımıza bayram hədiyyəsi oldu. Humanizm qanunlarımızın əsas prinsiplərinden biri olsa da, Milli Məclisin amnistiya haqqında qərarları və dövlət başçısının əfv barədə sərəncamlarında humanizm sanki digər prinsipləri kölgədə qoyur. Çünki, sözügedən qanunların humanist keyfiyyəti o qədər yüksəkdir ki, sanki həmin qanunlar tamamilə humanizmdən yoğrulub.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov deyib.
Onun sözlərinə görə, 431 nəfər məhkuma şamil olunan sərəncam əsasən, azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumları özündə ehtiva etməsi iıə diqqəti cəlb edir: "İki nəfər məhkumun ömürlük azadlıqdan məhrumetmə cəzasının müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, habelə, keçmiş səhiyyə naziri Əli İnsanovun da bu siyahıda olması diqqətəlayiq haldır. Bir şeyi də qeyd etmək istərdim ki, bəzi insanlarımız amnistiya və əfv aktlarının daha çox məhkumlara şamil olunmasını istəyirlər ki, bu da məqsədəuyğun hesab edilə bilməz. Çünki, bu məhkumların törətdikləri cinayətlər nəticəsində zərərçəkmiş insanlar var. Onların da kədər və mənəvi sarsıntılarına etinasız qalmaq olmaz".
Deputat vurğulayıb ki, hüquqi balansın qorunması vacibdir.: "Kütləvi əfv və amnistiya ölkədə qanunçuluğun möhkəmlənməsinə mənfi təsir göstərər. Bu, dünya təcrübəsində də belədir. Məhkumun islah yoluna qədəm qoyması, səmimi peşmançılığı, zərərçəkmiş şəxsin mövqeyi əfvetməni şərtləndirən əsas cəhətlərdəndir. Bir daha cənab prezidentə bu humanist addıma görə seçicilərim adından təşəkkür edirəm".