30 Mart 2019 12:59
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Vyanada baş tutan görüşdən sonra reallıqları cəmiyyətə çatdırdı. Prezidentin verdiyi açıqlamada fikrimcə, iki məqam xüsusilə əhəmiyyətlidir. Bunlardan biri Dağlıq Qarabağ konfliktinə dair Ermənistan baş naziri Nikol Paşiyanla demək olar ki, ilk müzakirədir. Düzdür, buna qədər görüşlər olub, amma bu təmaslar ayaq üstü olub. Hesab edirəm ki, Vyana görüşü əvvəlkilərdən köklü şəkildə fərqlənir.

Bu fikirləri Teleqraf.com-a politoloq Fikrət Sadıqov Azərbaycan Prezidenti İlham Əliyevin Vyanada baş tutan Əliyev-Paşinyan görüşündən sonra mətbuata verdiyi açıqlamanı şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, buna qədər Paşinyan bəyan edirdi ki, Dağlıq Qarabağ separatçıları adından danışmayacaq, onların özləri danışıqlar formatına qatılmalıdır: “Vyana görüşü ilə Paşinyanın bəyanatı faktiki puça çıxmış oldu. Real olaraq Paşinyan məcbur oldu ki, Azərbaycan dövlət başçısı ilə danışıqlarda iştirak etsin və Qarabağ konfliktini müzakirəsinə qatılsın.

Təbii ki, danışıqlar prosesinin formatı dəyişilməz olaraq qaldı. Prezident İlham Əliyev bu məqamı xüsusilə qeyd etdi, bildirdi ki, danışıqlar prosesinin formatını dəyişmək olmaz, bununla bağlı beynəlxalq strukturlarında qərarı var. Əgər bura üçüncü tərəf cəlb olunursa, bu, Azərbaycanın razılığı ilə ola bilər. Azərbaycan isə buna razılıq verməyib.

Bu görüş faktiki olaraq Paşinyanın danışıqlar formatını dəyişmək məqsədilə atdığı addımları puç etdi”.

Fikrət Sadıqova görə, görüşün müsbət tərəfi ondan ibarətdir ki, ilk dəfə Ermənistanın yeni baş naziri ilə problem ciddi müzakirə edilib: “Eyni zamanda erməni tərəfinə Azərbaycanın qəti və prinsipial mövqeyi çatdırılıb. Yəni Paşinyan başa düşdü ki, işğal edilən torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır və onu azad etməyənə qədər heç bir irəliləyiş ola bilməz.

Prezident qeyd etdi ki, bu, danışıqlar prosesinə yeni impuls verdi. İlk dəfə danışıqlar prosesində biz erməni tərəfini bu formatda hərəkət etməyə məcbur etdik. Onlar müxtəlif ziddiyyətli bəyanatlarla çıxış edirdilər, bəyan edirdilər ki, danışıqlarda iştirak etməyəcəklər, prosesə üçüncü tərəf cəlb edilməlidir və s. Amma onların bu məqsədi alınmadı.

İlk görüşü müsbət qiymətləndirirəm və hesab edirəm ki, bundan sonra xarici işlər nazirləri səviyyəsində effektiv addımlar olmalıdır. Çünki bu addımların nəticəsində dövlət başçılarına problemin həllinə dair təkliflər hazırlanıb verilməlidir”.

Xatırladaq ki, martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Qarabağ konfliktinin həllinə dair görüş keçirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər