15 Aprel 2019 21:00
2 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı, sabiq dövlət müşaviri Rasim Musabəyovla müsahibəni təqdim edir:

- Rasim müəllim, Azərbaycanla Avropa Birliyi arasında imzalanması planlaşdırılan sənəd nəyi ehtiva edir və Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycanla Avropa Birliyi arasında münasibətlər 1996-cı ildə imzalanan və 1999-cu ildə genişləndirilən saziş əsasında qurulub. Bu sazişdən sonra Azərbaycan Avropa Birliyinin Yaxın Qonşuluq Siyasəti proqramına qoşuldu. Daha sonra biz Şərq Tərəfdaşlıq Siyasəti proqramında iştirak etdik. Yəni bu proqramlar getdikcə genişlənirdi. Nəhayət, Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində üç dövlət Avropa Birliyi ilə assiosativ saziş bağladı. Azərbaycan bu sazişdən boyun qaçırdı və bunun da ciddi səbəbi vardı. Yəni bu elə-belə verilən bir qərar deyildi. Bu sənəd həm də müəyyən mənada həmin ölkələri sanki Avropa Birliyinin himayəsi altına salırdı. Üstəlik bu saziş Rusiya tərəfindən qıcıqla qarşılanmışdı. Biz görürük ki, Rusiya Gürcüstan, Moldova və Ukraynanın başına hansı oyunları gətirir. Üstəlik bizdə bu risklər təkcə Rusiya ilə bağlı deyildi, həm də İranla bağlı idi. Risklərin artması fonunda Avropa Birliyi heç bir təminat vermirdi. Yəni bizi qorumaq, qolunu çırmalayaraq, bizim problemləri çiyin-çiyinə həll etmək kimi iradə yox idi. Belə olan halda biz bu riskləri boynumuza götürmədik. Eyni zamanda Ermənistan da bu risklərin altına girmədi.

- Ancaq Ermənistan artıq sazişi bağlayıb...

- Bəli, Ermənistan assosiativ saziş imzalamadı. Getdi Rusiya ilə müqavilə bağladı, Rusiya ittifaqına daxil oldu, eyni zamanda Avropa Birliyi ilə daha yüngül formada saziş bağladı. Yəni Avropa Birliyi ilə öncədən nəzərdə tutulan sazişdən iqtisadi və təhlükəsizlik məsələləri çıxarıldı. Azərbaycanın isə Avropa ilə əlaqələri Gürcüstan, Moldova və Ermənistanın əlaqələri ilə müqayisə edilmir. Bizim əlaqələrimiz Ukraynanın Avropa Birliyi ilə əlaqələri qədər genişdir. Nəzərə alın ki, bizim dövriyyəmiz də çoxdur. Biz Avropa Birliyi ilə Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr həyata keçiririk. Belə olan halda təbii ki, biz münasibətləri tənzimləməliyik. Məhz bu məqsədlə Azərbaycanın təklifi ilə strateji portnyorluq sənədi hazırlanıb və münasibətləri əhatə etməlidir. Onu d, qeyd edim ki, buna oxşar sənədi Qazaxıstan da Avropa Birliyi ilə imzalayıb. Biz bu sənədlə Avropa Birliyini özümüzün başı üzərində olan ağa kimi qəbul etmirik. Bu sənəd maraqlarımız üst-üstə düşdüyü məsələlər üzrə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur. Ancaq qeyd edim ki, sənəddə konfliktlə bağlı, ərazi bütövlüyü ilə əlaqəli prinsipial məsələlər də var.

- Son informasiya belədir ki, imzalanacaq sazişin 90 faizi razılaşdırılıb, 10 faizi üzərində danışıqlar aparılır. Yerdə qalan 10 faiz hansı məsələləri əhatə edir?

- Bu daha çox iqtisadi məsələlərlə bağlıdır. Çünki Qazaxıstan və Ermənistan Avropa Birliyi ilə müqavilə bağlayanda genişlənmiş azad bazar prinsipləri qəbul edilməyib, əvəzində qeyd olunub ki, münasibətlər Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydaları ilə tənzimlənəcək. Bu səbəbdən də Ermənistan və Qazaxıstanla müzakirələrdə bu bölmənin razılaşdırılması çox zaman almayıb. Çünki Ermənistan və Qazaxıstan ÜTT-nın üzvüdür, biz isə üzvü deyilik. Bu səbəbdən də biz məcbur idik ki, bir sıra məsələləri ÜTT-a girməzdən əvvəl Avropa Birliyi ilə razılaşdıraq. Bu isə sözsüz ki, vaxt aparır. Çünki bu, bazarla, bank sektoru, sığorta bazarı, açıq hava məkanı ilə bağlıdır. Məsələn, burada AZAL-ın öz maraqları var və bu məsələdə də müəyyən qədər müzakirələr aparıldı. İndi Avropada Arif Məmmədov özündən uydurur ki, Avropa Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bunlar əslində yaramaz və cəfəng fikirlərdir. Belə bir şey yoxdur. Qeyd edim ki, cənab Prezidentin ötən ilin yayında Brüsselə səfəri əsnasında prioritetlərlə bağlı sənəd paraflanıb. Bizim xarici işlər naziri və Avropa Birliyinin xarici əlaqələr komissarı Mogerini tərəfindən. Orada bütün bu məsələlər öz əksini tapıb. Əlavə edim ki, insan haqları ilə bağlı mövqelərdə yaxınlaşması var, burada əfv məsələsi öz əksini tapıb və s. Daha çox razılaşdırılmayan məsələlər iqtisadiyyatla əlaqəlidir. Həm də bunlar Azərbaycan üçün əhəmiyyətlidir. Avropa Birliyi ilə əldə edəcəyimiz razılaşma əslində bizim ÜTT-yə üzv olmaq istədiyimiz dövrdə Avropa Birliyi ilə razılaşdırılmış olacaq. Nəzərə alın ki, bizim ticarətimizin yarısı Avropa Birliyinin payına düşür. Bu elə bizim ÜTT-yə daxil olmağımız ərəfəsində daha çox xeyrimizə olacaq. Yəni o istiqamətdə daha uzunmüddətli müzakirələr aparmağımıza ehtiyac qalmayacaq. Çünki biz ÜTT-yə daxil olmaq istəyən ərəfədə bu məsələləri Avropa Birliyi ilə razılaşdırmalı idik.

- Bəzən belə iddialar irəli sürülür ki, Avropa Birliyi Moldova, Ukrayna və Gürcüstanla imzaladığı sazişdə bu ölkələrin ərazi bütövlüyünü birmənalı dəstəkləyir, amma Azərbaycanla bağlı sazişdə bu mövqeyini ifadə etmək istəmir...

- Azərbaycanla da eyni qayda ilə bağlanır. Daha doğrusu, Azərbaycan tərəfi artıq buna nail ola bilib. Bunun da ermənilərə aidiyyəti yoxdur. Söhbət ancaq Dağlıq Qarabağdan getmir. Sazişdə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi qeyd olunur. Ancaq Arif Məmmədov Avropada oturub ağzına gələni danışır. Bəli, Rusiya bizim Avropa Birliyi ilə sazişimizin pozulmasında maraqlıdır. Bu Arif Məmmədov kimə xidmət edir, anlamıram.

- Deyirsiniz ki, Avropa Birliyi ilə imzalanacaq saziş Azərbaycanın ÜTT-yə üzvlüyünü xeyli dərəcədə asanlaşdıra bilər. Ancaq Azərbaycanın bu quruma üzv olmasına həm də Ermənistan razılıq verməli və veto hüququndan istifadə etməməlidir...

- Ermənistan veto qoya bilməz. Çünki Ermənistanın ÜTT-yə qəbulu vaxtı Türkiyə veto qoya bilərdi. Ancaq Türkiyə o şərtlə veto qoymayıb ki, Azərbaycan nə zamansa bu quruma üzvlük üçün müraciət edəndə Ermənistan səsini çıxarmasın.

- Ermənistanla Avropa Birliyi arasında imzalanan sazişdə Dağlıq Qarabağ konflikti hansı formada öz əksini tapıb?

- Orada sadəcə olaraq yazılıb ki, konfliktin həllində ATƏT-in üç prinsipi əsasdır. Söhbət ərazi bütövlüyünün toxunulmazlığı, konfliktin sülh yolu ilə həlli və öz müqəddəratını təyin etmə hüququndan gedir. Ancaq sazişdə ərazi bütövlüyü ifadəsi varsa, öz müqəddəratını təyin etmə yalnız daxili ola bilər. Yəni muxtariyyət deyə bilərlər.

- Siz, Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq sazişi mühüm və əhəmiyyətli hesab edirsiniz?

- Söhbət sənədin mühümlüyündən getmir. Bizim Avropa Birliyi ilə əlaqələrimiz genişdir. Bu münasibətlər mütləq şəkildə tənzimlənməlidir. Ticarətdən tutmuş energetika, insanların qarşılıqlı səfəri, təhsil, mədəniyyət, turizm kimi sahələr var. Bütün bunlar sənədlə əhatə olunur. Təbii ki, Azərbaycan Avropa Birliyi ilə münasibətlərin əhəmiyyətini anlayaraq, uzunmüddətli strateji sənədin imzalanmasında maraqlıdır. Ancaq təkcə Azərbaycan maraqlı deyil. Elə Avropa Birliyinin özü də maraqlıdır.

- Gələn ay sənədin imzalanacağını gözləyirsinizmi?

- Bu istiqamətdə ciddi iş gedib. Fövqəladə hadisə baş verməyəcəyi halda düşünürəm ki, sənəd imzalanmalıdır.


Müəllif: Cavad

Oxşar xəbərlər