Teleqraf.com “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə müsahibəni təqdim edir:
- Zəlimxan bəy, Azərbaycan və Gürcüstan arasında Keşikçidağ məbədi ətrafında yaranan durum əslində dövlət sərhəddinin delimitasiya və demarkasiyasını qaçılmaz edir. Bu məsələyə sizin yanaşmanız necədir?
- Mən hesab edirəm ki, məsələyə kompleks yanaşılmalıdır. Nəzərə alınmalıdır ki, başqa ərazilərdə də mübahisəli nöqtələr var. Eyni zamanda daxildə bəzi problemlər var. Bu siyasi mahiyyət daşıyan, tarixi yaddaş və milli kimliklə bağlı məsələlərdir ki, öz həllini tapmalıdır. Zaman-zaman David Qareci məbədi ətrafında müşahidə edilən səs-küyü təsadüfü hesab etmirəm.
Burada siyasi məqsəd, bir qədər də komandanın itirilən nüfuzunun bərpası, mümkündür ki, etnik qarşıdurma yaratmaqla Gürcüstanın Avropaya getməyinin qarşısını almaq, Azərbaycandan daha çox nəyisə qoparmaq istəyən qüvvələrin işi ola bilər. Ancaq reallıq budur ki, sərhəddin o tərəfində aksiyalar təşkil edilir və biz burada psixoloji pressinqə məruz qalırıq.
Sözsüz ki, yaranan problem danışıqlar, tərəflərin dialoqu vasitəsilə həllini tapmalıdır. Ancaq hesab edirəm ki, əgər məsələ masa üzərinə qoyulacaqsa, Borçalıda gürcüləşdirilən tarixi toponimlər, o cümlədən soydaşlarımızın torpaq problemi, Elat bayramının adının dəyişdirilməsi, mənim ora girişimin qadağan edilməsi və digər bu kimi vacib məsələlər də müzakirə edilməlidir. Çünki bunlar az əhəmiyyətli məsələ deyil. Ola bilər ki, məsələyə “Zəlimxanla bağlı məsələdir” deyə yanaşa bilərsiniz, amma belə deyil. Bir toplumun mədəniyyətinə qarşı sayğısız yanaşma var, Elat bir mədəniyyət tədbiridir, sonradan bunun adının üzərinə bir gürcü adı qoyulması, bayraqların endirilməsi kimi məsələlər var ki, öz həllini tapmalıdır. Eləcə də qədim Gəncə qapıları biri qənimət kimi Gürcüstana aparılıb. Bu məsələ də danışıqlarda qaldırıla bilər.
Mən güman etmirəm ki, problemləri ajiotaş yaratmaqla həll etmək olar. Əksinə danışıqlar, təmaslar və dialoqla məsələlər həllini tapmalıdır. Bizim Xarici İşlər Nazirliyimiz, habelə sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirən komissiya işləməlidir. İki ölkə arasında parlamentlərarası dostluq qrupu varsa, onların təması olmalıdır. Məncə, Azərbaycanın iddiası haqlıdır və heç də Keşikçidağ məbədi David Qarecinin qurduğu abidə deyil. Amma buna rəğmən, sərhəd problemləri emosiya, qıcıq yaradan bəyanatla, aşağılayıcı notlarla həll ediləsi deyil. Azərbaycanın indiki mövqeyi məncə, doğru və düzgündür. Sərhəd belə müəyyən edilib və bu sərhəd içərisində olan ərazi Azərbaycanın yurisdiksiyasındadır.
Amma ibadət və digər məsələləri oturub həll etmək olar. İbadət olar, ancaq iddia doğru deyil. Bir daha qeyd edirəm ki, bu məsələlər küçədə həll ediləcək və ya siyasi spekulyasiya üçün istifadə ediləcək məsələ deyil. Əgər gürcülərin Keşikçidağla bağlı iddiası varsa, dövlət komissiyası qurulsun və məsələni araşdırsın, tarixə bir daha baxılsın.
- Siz qaldırdığınız bəzi məsələlər əslində neçə illərdir ki, mövcuddur. Bura tarixi toponimlərin adlarının dəyişdirilməsi, torpaq problemi, Elat bayramının keçirilməsinin qarşısını almaq, sizin Gürcüstana girişinizə qadağa tətbiq etmək kimi məsələlər daxildir...
- Əlbəttə, zamanında bizim Diaspora Komitəsinin əvvəlki sədrinin uğursuz fəaliyyətini, zamanında qoyduğu yaraların bu gün üzünün qopduğunu görürəm. Hesab edirəm ki, Azərbaycan rəsmiləri Gürcüstana yanaşmada fərqli müstəvi müəyyən etməli və bu müstəvidə milli maraqların uzlaşan nöqtələrini tapmaq üçün işləməlidir. Biz yaranan problemin diplomatik formada və tərəflərin maraqlarına uyğun şəkildə həllindən yanayıq. Biz iki dövlətin və xalqın maraqlarını dinc yanaşı yaşamda, dialoqda tapılmasının tərəfdarıyıq. Əks halda bizi üz-üzə qoymaq istəyən qüvvələr çoxdur və onlar bundan sui-istifadə etməyə çalışacaqlar.
- İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu, Gürcüstana ən çox yatırım qoyanlar sırasında azərbaycanlıların adını çəkilməsi də reallıqdır...
- Bəli, münasibətlər normaldır və bir sıra mühüm layihələr bu iki ölkəni strateji portnuyorluq səviyyəsinə qaldırıb. İki ölkə arasında ciddi sazişlər imzalanıb.
Digər tərəfdən, Gürcüstanda qaz və ya benzin satışı, paylanması məsələsində SOCAR üstünlüyə malikdir. Ancaq yüngül sənaye, istehsal sənayesi ilə bağlı investisiyalar daha səmərəli olmalıdır. Yəni daha çox işçi qüvvəsi əhatə olunmalıdır. Zavod və fabriklərimiz olsun. Eyni zamanda orada yüngül toxuculuq, süd emal müəssisələri, ət-süd məhsullarının hazırlanması ilə bağlı münbit şərait var.
Həmçinin Azərbaycan üçün Gürcüstan nə dərəcədə əhəmiyyətlidirsə, Gürcüstan üçün də Azərbaycan bir o qədər əhəmiyyətlidir. Bütün hallarda “Gürcüstan və Azərbaycan eyni siyasi oriyentasiya, eyni islahatlar modelinə keçməyə məhkumdur” fikrimin həqiqət olduğunu düşünürəm. Çünki bu iki qonşu dövlətin fərqli konsepsiyasi və siyasi oroyentsiyası olacaqsa, hər ikisi üçün problemlər yaranacaq.
Sözsüz ki, hazırda Gürcüstan Avropa ilə dərin inteqrasiya prosesi içindədir, üzünü NATO-ya doğru çevirib. Biz də dünyanın mütərəqqi tərəfi ilə əməkdaşlığımızı artan xətlə qurmalıyıq. Bizi əzən, işğal edən, düşmənimizin dostu olan dövlətlərə meyl etdikcə faciələr yaşayacağıq. Bu mənada hesab edirəm ki, bizim xarici siyasi kursumuz hədəf kimi Avropaya inteqrasiyanı seçməlidir. Çünki bunun alternativi yoxdur.
- Zəlimxan bəy, sizin Gürcüstana daxil olmanızla bağlı müəmma həllini niyə tapmır?
- Mən dövlətçilik düşüncəsi olan bir vətəndaşam. Resurslarımı qoyuram və düşünürəm ki, həll yolu budur. Ancaq təəssüflər olsun ki, bəzən özünü könüllü olaraq yanğının içərisinə atan şəxslərin arxasında durmaq haqqında düşünülmür. Məncə, faciəmiz budur. Normalda “Borçalı” Cəmiyyəti bu gün qaldırılan məsələlərin mərkəzində olmalı idi. “Borçalı” Cəmiyyəti var olduqca, fəaliyyəti problemsiz davam etdikcə, biz inteqrasiya prosesini çoxdan həll edə bilərdik.
Əslində “Borçalı” Cəmiyyəti bu məsələlərin düz mərkəzində olmalı idi. İmkandan istifadə etmək əvəzinə, başqa yol seçildi. Azərbaycan nəhayət, mənim kürəyimə sancılan xəncəri çıxrmalıdır. Bu xəncərin adı Azərbaycan xəncəridir. Yəni, bu, bizim özümüzün xəncəridir və onu kürəyimdən çıxarmaq lazımdır. “Borçalı” Cəmiyyətinə, Azərbaycan dövlətinin gələcəkdə də ciddi qarantı ola biləcək bir layihəyə ticarət obyekti kimi baxmaq əsla olmaz. Bu, milli məsələdir.
Mən 10 ildir ki, bu təşkilata rəhbərlik edirəm. Bizim böyük layihələrimiz var və siz də burada iştirak etmisiniz. Minlərlə insanlar burada təmsil olunub. Təsəvvür edin ki, azərbaycanlılar, gürcülər, digər etnik qruplar bayramlaşırdı, ancaq belə bir ərəfədə hücumu özümüzünkülərdən aldım. Orada bütün qruplar demək olar ki, əleyhimizə işlədi. Azərbaycanın 30-50 ildən sonrakı yol xəritəsi olmalı, bu, hər kəsə aşlanmalıdır. Əks halda bizə çətin olacaq. Milli strateji hədəflərimiz aydın olmalı və hər kəs bu hədəflər haqqında məlumatlı olmalıdır.