11 May 2019 14:02
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bir neçə istiqamət üzrə mühüm mesajlar verib. Hesab edirəm ki, bu mesajlar dərindən təhlil olunmalıdır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, bu mesajlardan biri ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinə dair olub: “Prezident haqlı olaraq qeyd etdi ki, Heydər Əliyev həm SSRİ, həm də Azərbaycanın müstəqilliyi dövründə xalqına mühüm xidmətlər göstərib. Sovet vaxtı Heydər Əliyev Azərbaycanı geridə qalmış xammal ölkəsindən yüksək sənaye potensialı olan respublika səviyyəsinə gətirib çıxarıb. Müstəqillik dövründə isə dövlətin qurulması, möhkəmləndirilməsi və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır”.

Millət vəkili əlavə edib ki, Azərbaycanın indiki inkişafı da Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu nəticəsindən ortaya çıxıb: “Azərbaycanın son 15 ildəki inkişaf yolu göstərir ki, Heydər Əliyev siyasəti və strategiyasının alternativi yoxdur. Bu illər ərzində ümumdaxili məhsul 3 dəfədən çox artıb. Bu, nadir göstəricidir.

Heydər Əliyev hakimiyyətə gələndə ölkənin büdcəsi cəmi 250 milyon dollar idisə, indi Azərbaycanın valyuta ehtiyatı 45 milyard dollardan çoxdur. Bu potensial getdikcə artmaqdadır. Azərbaycan dünya kosmos təşkilatının üzvüdür və dünyada az sayda dövlətlər burada təmsil olunur. Eyni zamanda Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi 2 il müddətinə bu quruma rəhbərlik edib. Azərbaycan buna nail olmaq üçün BMT-də 150 dövlət tərəfindən dəstəklənib. Bunlar çox ciddi məsələlərdir və beynəlxalq miqyasda ölkənin nüfuzundan xəbər verir”.

Musa Quliyevin fikrincə, Azərbaycan artıq inkişaf etmiş dövlətlərin sırasına çıxmağa hazırdır. Bunun çox vacib faktor olduğunu deyən deputat əlavə edib ki, dünya iqtisadi böhranın III mərhələsi 2014-cü ildə baş verib və əksər ölkələrdə böhran yaşansa da, Azərbaycan 2 il müddətinə geriləmədən çıxa bilib: “2017-ci ildə Azərbaycanda sabitləşmə ili oldu, 2018-ci ildə isə inkişafın yeni, keyfiyyət mərhələsi başladı.

Əldə etdiyimiz uğurlar nəticəsində 2019-cu il sosial-iqtisadi islahatlar ili kimi başlanıb. Cənab prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi, layiqli şəraitin təmin edilməsi üçün onlarla fərman və sərəncamı olub. Bu fərman və sərəncamdan 3 milyondan çox vətəndaşımız bəhrələnib. Əmək haqları, təqaüdlər, müavinətlər, tələbə təqaüdləri dəfələrlə artırılıb.

Cənab prezident qeyd etdi ki, il ərzində təqaüd və əmək haqları yenə də artırılacaq. Bunun başlıca səbəbi Azərbaycanda iqtisadi-siyasi sabitlik, iqtisadiyyatın şaxələndirilməsi və düzgün proqnozlaşdırmadır. Cənab prezident də tədbirdə bildirdi ki, ölkədə ki, uğurların səbəbi xalq-iqtidar birliyidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər