14 May 2019 19:13
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güman edirəm ki, bu gün Azərbaycanda hər kəs Brüsseldə baş verən iki hadisəni bir anlığa müqayisəli şəkildə nəzərdən keçirsə, kimin kim olduğuna çox aydın qiymət verə bilər. Bir tərəfdə Şərq Tərəfdaşlığı Proqramının 10 ilik yubileyində ölkəmiz üçün çox prinsipial və əhəmiyyətli olan sənəd qəbul edilməsi uğrunda Azərbaycan diplomatlarının apardıqları prinsipial mübarizə və onun böyük nəticəsi, digər tərəfdə isə öz şəxsi və qeyri-real ambisiyaları ilə nəinki Azərbaycan hakimiyyətini, bütünlüklə Azərbaycan dövlətini qaralamağa çalışan bir qrup şəxsin orada aksiya keçirmək cəhdi dayanır. Bu iki hadisəni müqayisə etdikdə bu gün Azərbaycan dövlətinin hansı gücdə, qüvvədə olduğunu və ona xaricdən daş tullamaq istəyənlərin əslində hansı gücdə və ya gücsüzlükdə olduğunu aydınlaşdırmaq olar.

Bunu Teleqraf.com saytına açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

O qeyd edib ki, Brüsseldə aksiya keçirməyə cəhd göstərən şəxslər tam fiaskoya uğramış antimilli qüvvələrin, qrupların son personalarıdır:

“Əgər diqqət yetirsək bir neçə il əvvəl o qrupa daxil olan insanlar ən azı sayca daha çox görünürdülərsə bu gün onların sayı sürətlə azalmaqdadır. Bu o deməkdir ki, həmin şəxslərin özləri artıq icra etdikləri oyunların içində əriyib getməkdədirlər. Onlar bir tərəfdən Azərbaycana düşmən olan qüvvələrin oyunlarının həyata keçirilməsində alətə çevrildilər, o biri tərəfdən həmin qüvvələrin oyunlarının içərisində də özləri əriyib getməkdədirlər”.

A.Quliyev daha sonra deyib:
“Mənim məlumatıma görə bu gün antimilli qrup adına təxminən 2-3 nəfər canfəşanlıq edən şəxs qalıb. Böyük əksəriyyəti artıq reallığı dərk edərək bu cür mübarizənin səmərəsizliyini nəzərə alıb o müstəvidən çəkilib gediblər. Əslində Azərbaycanın böyük qələbələrindən biri daha böyük və geniş arenalarda ölkəmizin problemlərinin həllinə nail olmaqdır. Nəinki bir neçə nəfər şəxsin ölkəmizə atdığı çamuru cavablandırmaq. Fikrimcə, o insanlar Brüsseldə keçirmək istədikləri aksiyanın əvəzində Azərbaycan dövlətinin qaldırdığı taleyüklü məsələlərə və sammitdə aparılan müzakirələrdə Azərbaycan dövlətinin mövqeyinə dəstək vermiş olsaydılar indiyədək xalq qarşısında yol verdikləri günahların xeyli hissəsini yuya bilərdilər. Amma çox təəssüf ki, onlar bu şansı da əldən verdilər. Eləcə də mən orada çığır-bağır salmaq istəyən bir neçə gəncin bu hərəkətini əslində böyük bir təkərin altında qalıb əzilməmək üçün çıxış yolu axtaran xırda detallara bənzədirəm.

Ona görə onlara çox əhəmiyyət vermək lazım deyil”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər