“Gürcüstanı çox diqqətlə izləməliyik. Göründüyü qədər Gürcüstan Qara Dənizdə dərin liman (Anaklia) tikmək üçün maliyyə mənbəyini nəhayət tapa bilib. Avrasiya İnkişaf Bankı Gürcüstan'a bu iş üçün 3 milyard dollar yatırmağı düşünür”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.
Onun sözlərinə görə, Gürcüstanda bu liman tikilib işə başlayarsa, Azərbaycanın Gürcüstan'a təsir imkanları zəifləyəcək:
“Anaklia limanı SOCAR-ın təsiri altında olan Supsa və Poti limanlarından daha böyük və Gürcüstanın birbaşa nəzarətində olacaq. Gürcüstanın bizə qarşı son təxribat addımları yoxlamadır. Ölkəmizin Gürcüstana təsiri azalandan sonra, gürcülərin bizə qarşı tədbirləri də artacaq.
Gürcülərin özlərini Avropa milləti sayması, Yunkerin Gürcüstanı “100% Avropa dövləti” adlandırması, işin hekayə tərəfidir. Hadisə tərəfi limanın tikilməsindən sonra başalayacaq”.
Erkin Qədirli qeyd edib ki, Anaklia limanının tikilməsinə 2-3 il vaxt gedəcək:
“Bundan sonra daha 2-3 il onun tanıtımına, beynəlxalq dəniz yükdaşımalarına qoşulmasına, gerçək gəlir gətirməyə başlamasına gedəcək. Yəni, ən uzağı 4-6 ilimiz hələ var. Bu müddət ərzində Avropa Birliyilə gərəkli anlaşmalar bağlanmalı, tələb olunan islahatlar aparılmalı və onlar nəticə verməyə başlamalıdır. Bizim Gürcüstandan geridə qalmağa tarixi haqqımız yoxdur, hələ Ermənistanı demirəm”.