"Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini və əməkdaşlığını dövlət və xalq maraqları çərçivəsində qurur”.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Brüsselə səfəri və oradakı bir sıra rəsmilərlə görüşü artıq dərəcədə uğurlu və səmərəli olub: “ Prezidenti İlham Əliyev Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşüb. Hər iki görüşdə dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırıb. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub və Prezident İlham Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirilib. Hesab edirəm ki, bu görüşlər hazırki mərhələdə milli maraqlarımızın təmin olunması, torpaqlarımızın işğaldan azad olunması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilməlidir”.
Deputat əlavə edib ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər inkişaf edir: “Əlaqələrin yüksəlməsi Azərbaycanın Avropa ilə daha yaxın olmağa, Aİ-yə inteqrasiya yolunun daha da qısalmasına təsir edən amildir. Münasibətlərin inkişafı təkcə Azərbaycanın deyil, həm də Aİ-nin marağına cavab verən addımdır. Bildiyiniz kimi Azərbaycanla Aİ arasında sazişin imzalanması nəzərdə tutulur ki, bu sənədin imzalanması hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə də sıx əlaqələrə malikdir, Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır”.