21 May 19:36
358

Respublikaçı Alternativ Hərəkatının (REAL) sədri İlqar Məmmədov psevdosiyasi karyerası dönəmində az qala bütün beynəlxalq və pan-Avropa təşkilatlarına müraciətlər edəndən sonra bu dəfə UEFA-ya üz tutub.

Ərzi-hal, şikayətnamə və ultimatumun əcaib qarışığı olan açıqlamanı İ.Məmmədov Facebook-dakı səhifəsində paylaşıb.

İlk əvvəl o, bəyan etdi: “REAL İdarə Heyəti dünən qərar verdi ki, həmişəki kimi, mayın 28-də gedib İstiqlal abidəsinə gül qoyub 1-ci Cümhuriyyəti anacağıq.

Lakin UEFA Liqasının finalının mayın 29-da Bakıda keçirilməsini bəhanə gətirərək hakimiyyyət bu gün elan elədi ki, abidənin yerləşdiyi İstiqlaliyyət küçəsinə giriş bir neçə günlük məhdudlaşdırırlacaq”, – İ.Məmmədov dübarə həmişəki ampluasına dönüb və hakimiyyəti suçlayıb.

Halbuki…

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışacaq.

Mayın 29-da baş tutacaq oyunu izləmək üçün ölkəmizə çoxsaylı əcnəbi azarkeşlərlə bərabər turist axını da gözlənilir.

Bütün bunları nəzərə alan və həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparacaq hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən final oyunu ərəfəsində ictimai asayişin və ictimai təhlükəsizliyin daha etibarlı qorunması, oyunu izləmək üçün gəlmiş çoxsaylı əcnəbilərin rahat, maneəsiz və sərbəst gəzintilərinin təmin edilməsi üçün may ayının 25-dən 31-dək Respublika günü ilə əlaqədar İstiqlaliyyət küçəsindəki abidəni ziyarətə gəlmələrinə məhdudiyyətlər qoyulacaq.

Mayın 25-dən 31-nə qədər “Tarqovı”ya yerli sakinlərin buraxılmaması ilə bağlı iddialar ağ yalandır. Hər hansı məhdudiyyət tətbiq edilməyib.Belə məlumatlar şəbəkə təxribatı xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyunudur. Onu hamı sevir və hər hansı məhdudiyyət yol verilməzdir. Əksinə, həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək.

Bu qədər bəsit, sadə və konkret.

REAL sədri isə reallığı görmək istəmir, anlamadığını anlatmağa çalışır və UEFA-nı suçlayır.

“UEFA-ya ayıb olsun ki, bu rejimin siyasi istəklərini ört-basdır edənə çevrilib. O abidə ilə matçın keçirələcəyi stadion arasında 10 kilomert məsafə var, ziyarətlər isə matçdan bir gün qabaq olur. Bu biabırçılığa görə UEFA-ya sabah video müraciətimlə etiraz edəcəm. UEFA bizim həbsimizin ayıb ləkəsini öz tarixindən heç vaxt silə bilməyəcək!”, – Facebook səhifəsində İ.Məmmədov az qala göz yaşlarnı silərək hıçqırıb.

O, həmişəki ampluasındadır. Əbədi şikayətçi, daimi uğursuz, bitmək bilməyən iradlar, iddialar və istisnalar daşıyıcısı obrazına pərçimlənmiş İ.Məmmədov arqumentlərinin nə qədər əsassız, hətta miskin olmasının fərqində deyil.

Azərbaycan hakimiyyətini “rejim” adlandırmaqla öz aləmində müstəsna və fövqəladə demokratlıq edən, guya iqtidarı “sərt tənqid edən” REAL sədri dərk etmir ki, “hakim rejim” ifadəsinin vətəni Britaniya, ən çox işləndiyi ölkə isə ABŞ-dır. Amerikalılarla britaniyalılar iqtidarlarını “hakim rejim” adlandıranda bu ifadənin məna yükünə nə yalançı müxalifətçilik çalarları qatır, nə də misilsiz və təkrarsız mübariz tanınmaq istəklərini faş etməyə meylli olurlar.

Yox, çünki onların ağlına da gəlməz ki, Azərbaycanda yaşayıb Azərbaycanı yaşatmaq istəməyən REAL sədri kimi bir fərd var və o fərd də öz ölkəsindən UEFA-ya şikayətlənərək “rejimdən zillət görüb əziyyət çəkən” adam olduğunu vurğulayır.

Az qala hər gün, özünü tragikomik vəziyytə salaraq.

Dörd il əvvəl Bakıda keçirilmiş 1-ci Avropa Oyunları ərəfəsində də analoji şikayətlər vardı.

Eyni ritorika, əkiz lüğət, ütülü və saxta vətənpərvərlik eşqi – tələblər də İlqar Məmmədovun sözlərinin təkrarı idi.

Fəqət, 2015-ci ildə ölkə sərhədlərindən çox kənardakı sifarişçilərin əmri ilə ortaya salınmış marionetlər nəyi niyə istədiklərini üstüörtülü olsa da, vurğulamışdılar.

Bakıda “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də “Demokratiya üçün oxu” adı ilə çirkin ssenari işə salınmışdı: həmin günlərdə əcnəbi kütləvi informasiya vasitələri arasında Azərbaycana xüsusi nifrəti ilə seçilənlər ifrat aktivləşmiş, ölkəmizi ora yollanmış turistin həyatını riskə atdığı Somali, Bakını da küçələrində atışmaların səngimədiyi, kriminalın tavan vurduğu Moqadişo kimi qələmə verirdilər. Bu yaramazlıqlara ölkəmizdəki kin şüurlu, küdurət mənəviyyatlılar da var qüvvələri ilə dəstək verirdilər.

Alınmadı, əcnəbilər gəldilər, gördülər və Azərbaycanı təriflədilər.

Di gəl, İlqar Məmmədov “sələf”lərindən fərqli olaraq sifarişli oyunun fiqurantı olduğunu etiraf etmir və “28 may günü Bakıda geniş etiraz aksiyası keçirək!” bağırıb səs-səsə verənlərlə eyni göstəriş aldığını ciddi-cəhdlə pərdələməyə çalışır.

Halbuki mayın 28-də, məhz Avropa Liqasının final matçı ərəfəsində Bakıda “yürüş və etiraz aksiyası” adı ilə qarşıdurma yaradıb onu kütləvi iğtişaşa çevirmək planı ayın əvvəlindən işə salınıb. Plan dedikdə əslində xarici ölkələrə sığınmış mühacirlər arasındakı “müstəqil bloqer”, “siyasi fəal”lar və YouTube-da yaşayan “aktivist”lər Azərbaycanı hədəfə almış kampaniyanın kiçik kölələrinə dönərək dartqı vasitələri qismində çıxış edir, nifrətlərini sosial şəbəkələrə yayırlar.

Bu səbəbdən REAL sədrinin mayın 28-də aksiya keçirmək istəyi təsadüfdür, yoxsa əvvəlki illərdə təşəkkül tapmış ənənənin davamı?! İlqar Məmmədov “sadəcə”, İstiqlal abidəsinin önünə gül qoymaq istədiklərini yazır.

İnanmaq çox çətindir, çünki ötən il “gül qoyacaq, çıxıb gedəcəyik” deyən REAL rəhbərliyi bu adi tədbiri siyasi aksiyaya döndərmişdilər. İşə polislər qarışmalı olmuşdular.

İlqar Məmmmədov belə “ənənə”dən bəhs edirsə, yanılır: növbəti buffonada olmayacaq.

Yox əgər o, xaricdə hazırlanan və ölkəmizə, stabilliyə qarşı yönələn “28 may aksiyası”nın tərkib hissəsi olduğunu israrla pərdələyərək “rejim”i suçlayıb UEFA-ya şikayət etməkdə israrlıdırsa, buyursun.

Zatən ona səbəb gərəkmir: REAL sədri qəmli Pyero kimi daim küskün pozadadır və hamının həmişə ona borclu olduğuna, kimsənin onun dühasını və möhtəşəm siyasi-analitik qabiliyyətini anlamadığına əmindir.

Belə əminlik siyasətçilərdə hansı səbəbdən yaranır – yazıb İlqar Məmmədovun onsuz da rəncidə olmuş əhvalını yerlə bir etmək istəməzdik.

Sadəcə, onu deyək ki, ölkəsindən UEFA-ya şikayətlənmək siyasi mənəviyyatsızlıq və absurddur.

Fikrində qətidirsə, buyursun.

Zatən REAL sədri indiyədək o qədər absurd açıqlamalarla çıxış edərək sosial şəbəkələrdə lağlağı obyektinə dönüb ki, bundan sonra hansısa imic itkisindən bəhs etmək tamamən mənasızdır.


Müəllif: Elçin Alıoğlu