Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələri Azərbaycan və Ermənistan rəhbərləri arasında Dağlıq Qarabağ münaqişəsi üzrə görüşləri sıxlaşdırmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, Lüksemburqda qəbul olunmuş bəyannamədə ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc və davamlı həllinə yönəlmiş səyləri qeyd olunub.
Sənəddə qeyd edilir ki, AŞPA nümayəndələri Azərbaycan və Ermənistan rəhbərlərinin sülhün bərqərar olmasına və humanitar sahədə tədbirlərin görülməsinə şərait yaradan sonuncu konstruktiv dialoqunu alqışlayır:
“Ermənistan və Azərbaycan liderlərinin görüşlərini ATƏT-in Minsk qrupunun vasitəçiliyi kontekstində sıxlaşdırmaq, Helsinki Yekun Aktının əsas prinsiplərinə əsasən, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına nail olmaq üçün konkret və dəqiq tədbirlərin görülməsinə təkan vermək, o cümlədən, ərazi bütövlüyünə, bərabər hüquqlara və xalqların öz müqəddəratını təyin etməsinə hörmətlə yanaşmaqdır”.
Sənəddə “xalqların öz müqəddəratını təyin etmək…” ifadəsi nəzərdən qaçmayıb. Məlumdur ki, işğal edilmiş Qarabağ bölgəsindəki separatçılar və rəsmi İrəvan uzun illərdir Azərbaycandan müstəqillik tələb edirlər.