22 İyul 2019 16:03
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün iqtidarda olan AKP-nin və Ərdoğanın həmişə Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini, bunu yüksək tribunalarda dilə gətirdiyini bilirik. Lakin Türkiyədə hakimiyyətin dəyişməsi Azərbaycana olan münasibəti dəyişə bilməz”.

Beynəlxalq münasibətlər üzrə ekspert, politoloq Ramiyə Məmmədova belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Bir müddətdir Türkiyədə yaşayır və fəaliyyət göstərirsiniz. Siyasi çevrələrin Azərbaycana münasibəti bəllidir, bəs, türk cəmiyyəti ölkəmizə hansı münasibətdədir?

- Bəli bir müddətdir artıq Türkiyədəyəm. Bildiyiniz kimi, Türkiyə-Azərbaycan münasibətləri 1991-ci ildən, yəni sərhədlər açıldıqdan sonra bərpa olundu və bu günə qədər də bir millət-iki dövlət münasibətini sürdürür, iqtisadi, siyasi, təhsil və bir çox sahələrdə münasibətlər xeyli inkişaf edib. Türk iş adamları Azərbaycana telekommunikasiyadan tutmuş qidaya gədər bir çox sektora yatırımlar qoyublar. Eyni zamanda, bizim iş adamlarının da Türkiyədə yatırımı var. Habelə bildiyimiz kimi, iki dövlətin birgə həyata keçirdiyi layihələr mövcuddur. Türkiyə Azərbaycan üzərindən Rusiya və MDB məkanı və bazarına çıxa bilir, Türkiyə isə Azərbaycan üçün Avropaya çıxış dəhlizi rolunu oynayır. Əlbəttə, bütün bunlar iki dövlətin cəmiyyətlərinə də müsbət təsir edir. Azərbaycanlılarla türklər arasındakı ticari münasibətlər artıq ailə qurmaq kimi yaxınlaşmaya gətirib çıxarıb. Bir çox Türkiyə vətəndaşı Azərbaycanda işləyir və yaşayır, eləcə də azərbaycalılar bu ölkədə… Ümumilikdə türk cəmiyyətinin Azərbaycana müsbəti müsbətdir və ölkəmizi sevirlər.

- Türkiyədə hansı siyasi partiyanın iqtidarda olmasının Azərbaycan üçün bir fərqi varmı? Məsələn, CHP-nin, yaxud digər bir müxalif siyasi partiyanın? Yəni, AKP-nin gedişi diplomatik mənada Azərbaycana münasibəti dəyişə bilər?

- Əlbəttə, iqtidara gələn siyasi komandanın hər birinin öz platforması, daxili və xarici siyasəti olub. Azərbaycan da müstəqil dövlət olduqdan sonra Türkiyə ilə qardaşlıq və dostluq münasibətlərini inkişaf etdirmək yolunu tutub. Hər dövlət başçısı yürütdüyü xarici siyasətlə yanaşı, öz həmkarına şəxsi münasibəti ilə də seçilib. Bilirsiniz ki, mərhum Süleyman Dəmirəlin mərhum prezident Heydər Əliyevlə çox gözəl münasibətləri vardı, indi həmin münasibətləri biz Ərdoğan və İlham Əliyev arasında görürük. Bu, qardaşlıq münasibətidir.

Bu gün iqtidarda olan AKP-nin və Ərdoğanın həmişə Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini, bunu yüksək tribunalarda dilə gətirdiyini bilirik. Lakin Türkiyədə hakimiyyətin dəyişməsi Azərbaycana olan münasibəti dəyişə bilməz. Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlamaq Türkiyənin də maraqlarına uyğundur. Burada milli kimlik və tarixi dəyərlərlə yanaşı, iqtisadi maraqlar və digər faktorlar da rol oynayır. Lakin yalan danışmaq da olmaz, təəssüflə deyirəm ki, qardaş dövlət olmasına baxmayaraq, Azərbaycanı Türkiyədə o qədər də yaxşı tanımırlar.

- Sizin də dediyiniz kimi, Türkiyə iqtidarı bir çox hallarda Qarabağ məsələsini gündəmə gətirir, dəfələrlə Ərdoğanın beynəlxalq tribunalarda Azərbaycanın mövqeyini müdafiə etdiyini görmüşük. Bəs türk müxalifəti niyə Qarabağ məsələsinə münasibətdə passivdir? Belə görünür ki, türk müxalifəti Fələstin, Suriya və digər müsəlman ölkələri ilə münasibətdə Azərbaycana qarşı soyuqdur. Bu belədir?

- Sizin dediyinizlə razıyam. Dediyim kimi, Ərdoğan və AKP daha çox Qarabağ məsələsini qabardır, Azərbaycana dəstək verir. Türk müxalifəti isə bu məsələdə passivdir. Bunun da səbəbini partiyaların içində gedən proseslərdə və onların yürütdüyü siyasətdə axtarmaq lazımdır. Bilirsiniz ki, Türkiyə çoxmillətli bir ölkədir, yəni burda həm cəmiyyət, həm də siyasi partiyalar daxilində həmin millətlərin nümayəndələri var. Türkiyə Suriya və Fələstin məsələlərinə daha çox yer ayırır, desək yanılmarıq. Türkiyə müharibə olan bu dövlətlərə maddi, mənəvi və hərbi dəstək verir, bizə isə qardaş münasibəti sərgiləyir.

- Bəs Türkiyədə Azərbaycan diasporunun fəaliyyəti nə yerdədir? Qarabağ münaqişəsi və ölkəmizin milli maraqlarını əks etdirən digər məsələlər baxımından…

- Əlbəttə, burada bir neçə Türkiyə-Azərbaycan dərnəkləri var, lakin onlarında hər birinin işi göz qabağındadır, yəni əslində adları var, ən pisi də budur ki, real iş görən yoxdur. Mənim bu sözlərimi çox adam daşa tuta bilər, lakin reallıq budur. Fəaliyyət qöstərən dərnəklər maliyyə dəstəyi almaq ücün bir-iki jurnalisti bir araya toplayır, guya Azərbaycanın tanıdılması üçün tədbir keçirir. Lakin bunun Azərbaycanın layiqincə tanıdılmasına və ya diaspor fəaliyyətinə heç bir təsiri yoxdur. Mən bunu Azərbaycanın Türkiyədə lazım olan qədər tanınmamasında görürəm.

- Türkiyədə yaşayan kifayət qədər soydaşımız var, bunlar həm oranın vətəndaşı olan soydaşlarımızdır, həm də sonradan Azərbaycandan gedənlərdir. Bəs onların niyə öz televiziyası, orta və ali məktəbi yoxdur?

- Türkiyədə fəaliyyət göstərən və yaşayan bir çox millətlərin nümayəndələri var ki, onlar burada özlərinə layiqli yer tutmağa, öz dillərini, ölkələrini və mədəniyyətlərini tanıtmağa çalışırlar. Məsələn, bədnam qonşumuz ermənilər Türkiyədə neçə məktəb tikib, öz uşaqlarını bu məktəblərə göndərirlər. Amma təəssüf ki, bizim uşaqların gedə biləcəyi bir Azərbaycan məktəbi tapa bilməzsiniz. Burada yaşayan azərbaycanlı uşaqlar problemlər içində böyüyür, ağır işlərdə çalışmağa məcbur olurlar. Bizim uşaqların onlardan heç bir əksikliyi yoxdur. Bu məsələni dövlət səviyyəsində həll etmək lazımdır. Çünki burada yaşayan və böyüyən hər bir uşaq nə vaxtsa, ölkəmizə qayıdacaq, amma onların öz ölkəsinə heç bir xeyri dəyməyəcək.

Burada yaşayan soydaşlarımızın problemlərinin həlli üçün Türkiyə dövləti ilə koordinasiyalı iş görmək lazımdır. Lakin aidiyyəti qurumlarımız bu istiqamətdə lazım olan qədər işləmir.

Siz televiziya məsələsini də düzgün vurğuladınız, erməni lobbisi qardaş ölkədə qəzet, televiziya və radio kanalı açıb. Yeri gələndə həmin media qurumlarında qondarma soyqırımına görə Türkiyəni ittiham edirlər. Lakin bizim bir qəzetimiz və jurnalımız belə yoxdur. Bir müddət əvvəl azərbaycanlılar İstanbulda “Haber Global” adlı bir telekanal açdı. Lakin mən hələ o TV-də Azərbaycan haqda bir kəlimə də eşitməmişəm. Bu, belə olmamalıdır, harada olmağından asılı olmayaraq, ilk növbədə dövlətin maraqlarını ön planda tutmalısan.

Buna görə də, biz birləşməliyik ki, bir millət olaraq vahid bir formada vətənimizə xeyir verək

- Bəs soydaşlarımızın Türkiyənin siyasi çevrələrindəki passiv fəaliyyətini nə ilə əlaqələndirərdiniz?

- Türkiyədə yetəri qədər soydaşımız yaşayır, işləyir. Əlbəttə, onların hamısı ölkənin siyasi həyatında yer ala bilməz. Amma burada həm də kifayət qədər ziyalı və savadlı insanlarımız da var. Onlar Azərbaycanı sevən və yaxşı tanıyan insanlardır. Yenə də həmin məsələyə gəlirik, Azərbaycanı tanıtmaq və yerli cəmiyyətə inteqrasiya etmək üçün güclü diaspora işi lazımdır. Konsulluqlar bu insanları tanımalı və üzə cıxartmalıdır, onları türk cəmiyyətinə təqdim etməlidir.

Səhv etmirəmsə, bu gün Türkiyədə yaşayan azərbaycanlıların sayı Rusiyada yaşayan azərbaycanlılarda daha çoxdur. Buna görə də Türkiyənin ictimai-siyasi həyatında lazımınca fəaliyyət göstərməyin zamanı gəlib keçir. Azərbaycanlıları bu ölkədə təmsil edən şəxslərə ehtiyac çoxdur.

Necə olur ki, Türkiyə parlamentində 3 erməni millət vəkili otura bilir, amma bir azərbaycanlı millət vəkili otura bilmir? Problem də burdan irəli gəlir. Buna ciddi yanaşmalıyıq, bu məsələlər xarici siyasətdə əsas yerlərdən birini tutmalıdır. Əlbəttə, hər xırda məsələni də dövlətin boynuna qoymaq doğru deyil. Bizim özümüzdə də çox günah var, ən başlıcası da bizim bir-birimizi sevməməyimizdir, sanki hər kəs Azərbaycanı unudub özü üçün calışır. Lakin bütün mənfi tərəflərimizi bir kənara qoyub hər kəsi Azərbaycan üçün çalışmağa çağırıram.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər