7 Avqust 2019 10:10
2 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan baş nazirinin Dağlıq Qarabağa gəlişinin məqsədini arxa plana keçirmək olmaz. Avqustun 6-da işğal altındakı torpaqlarda başlanan “ümumerməni oyunları” Paşinyanın dediyi “Artsax Ermənistandır” açıqlaması qədər Azərbaycan üçün təhlükəlidir. Bu oyunlar 20 ildir keçirilir, ancaq budəfəkinin miqyası daha böyükdür. 17 avqusta qədər davam edəcək idman yarışlarında özlərinin dediklərinə görə 145 ölkədən 5 min idmançı iştirak edəcək. Oyunların bir hissəsi işğal altındakı torpaqlarımızda, digər hissəsi İrəvanda keçiriləcək”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin sözlərinə görə, idman yarışlarının adından da göründüyü kimi bu ölkələrdən oyunlara gələn idmançıların hamısı ermənidir:

“Ancaq 145 ölkədə 5 min erməni idmançının olduğu şübhə doğurur. İrəvan və Xankəndi “erməni oyunları” adı altında dünyadakı erməni lobbisindən maliyyə toplamağa çalışırlar. Çünki həm bu oyunları, həm də “idmançıların” Qarabağa gəlişlərini dünyanın müxtəlif ölkələrinə səpələnən erməni lobbisinin təmsilçiləri maliyyələşdirirlər. Separatçılar ikiqat qazanc əldə edirlər. Həm “idman oyunları” vasitəsilə otellərini doldurur, qazanc əldə edirlər, həm də erməni diasporu ilə əlaqələrini gücləndirirlər.

Bu oyunlarda başqa bir məqam da maraqlıdır. Son anda oyunlara 3 ölkədən ermənilərin də qatıldığı bildirilib. Bu Birləşmiş Ərəb Əmirlikləri, Çexiya və İraqdır. Çexiyanı anladım, mümkündür ki, kasıb İraqda yaşayan ermənilərin Dağlıq Qarabağa gəlişlərini digər ölkələrin varlı erməniləri maliyyələşdirib. Bəs Birləşmiş Ərəb Əmirliklərində idmançı erməniləri necə tapıblar?”

Elxan Şahinoğlunun fikrincə, Azərbaycan XİN bilirdi ki, Dağlıq Qarabağda qeyri-qanuni idman yarışı keçiriləcək:

“145 ölkədən birinin XİN də ölkəsindəki erməni vətəndaşlarına müraciət edib deməyib ki, “Dağlıq Qarabağ təhlükəli yerdir, müharibə zonasıdır, ora getməyin!”. 145 ölkənin içində Azərbaycana tərəfdaş və dost ölkələr də var, birindən də oxşar açıqlama səslənməyib. Ancaq belə bir müraciətin səslənməsi üçün gərək bizim XİN tərəfdaşlarına müraciət edərdi. Belə bir müraciət olmayıbsa, onlar nədən erməni vətəndaşlarını işğal altındakı torpaqlara getməkdən çəkindirərdi?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər