Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev avqustun 12-də İrəvana gedəcək. O, İrəvana formal olaraq erməni həmkarı Armen Qriqoryanın dəvətilə gedir, çünki bir il əvvəl Ermənistanın Təhlükəsizilik Şurasının katibi Moskvaya səfər edib rusiyalı həmkarını İrəvana dəvət etmişdi.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, buna baxmayaraq, N.Patruşevin istənilən ölkəyə səfəri adi gəzinti sayılmır:
“Patruşev ölkəsində əsas vəzifələrdən birinin sahibi olmaqla yanaşı Kreml sahibi Vladimir Putinin dostudur və Rusiya Prezidentinin xüsusi və açıq danışılmayan tapşırıqlarını həyata keçirir. Hazırda Moskvanı Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətində iki istiqamət narahat edir. Birincisi, Paşinyan Putinin etirazlarına rəğmən, keçmiş prezident Robert Köçəryanı həbsdə saxlamaqda davam edir. İkincisi, Ermənistanın baş naziri Dağlıq Qarabağda gələnilki “prezident seçkisində” öz adamını oturtmağa çalışır, Moskva bunu da istəmir. Patruşev böyük ehtimalla Ermənistan hakimiyyətinin diqqətinə bu iki məsələni çatdıracaq”.
E.Şahinoğlu qeyd edib ki, N.Paşinyan hər iki məsələdə israrlıdır:
“Köçəryanı həbsdən buraxsa Qarabağ klanının simasında qarşısındakı müxalifət güclənəcək. Dağlıq Qarabağda isə öz adamını ona görə oturtmağa çalışır ki, ona qarşı qiyam Xankəndidən başlamasın. Ancaq Paşinyan bunları həyata keçirərkən Moskvanın maraqları ilə tərs düşür və bu tərsliyin Ermənistanın baş nazirinə necə baha başa gələ biləcəyini anlatmaq üçün Patruşev İrəvana gedir”.