17 Avqust 2019 09:57
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hörmüz boğazında baş verən hadisələr ABŞ-ın İranı küncə sıxışdırma əməliyyatıdır. Bu, həm İranın neft satışının qarşısını almaq, həm də hərbi cəhətdən İranı təzyiq altında saxlamaq məqsədi daşıyır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, ABŞ Oman körfəzində və Hörmüz boğazında müxtəlif təxribatlar etdi və bunu İranın törətdiyi kimi dünyaya göstərməyə çalışdı: “ABŞ bu boğazlarda bütün mülki gəmilərə İran donanmasının böyük təhlükə yaratdığını elan edərək bunun qarşısını almaq, bütövlükdə mülki gəmilərin normal qaydada üzməsi üçün təhlükəsizliyi təmin etmək yönündə bir çox ölkələrə müraciət etdi. İrana qarşı koalisiya yaratmaq və bu çərçivədə müttəfiq dövlətlərin iştirak etməsini istəyirdi.

Buna müvəffəq olmadı, təkcə İngiltərə öz donanmasını göndərəcəyi ilə bağlı açıqlama verdi. Təbii ki, bu, İngiltərənin maraqları çərçivəsindədir. Çünki İngiltərəni neft tankeri İranın əlindədir, bu prosesi ilk olaraq İngiltərə yaratmışdı”.

Politoloq hesab edir ki, indiki şəraitdə İranın neft satışının qarşısını tankerləri müsadirə etməklə almaq İran toplumuna zərbə vurmaq deməkdir: “İran onsuzda ABŞ-ın iqtisadi sanksiyaları ilə üz-üzədir. Hörmüz boğazında baş verənlər ABŞ-ın İranı tamamilə çökdürmək məqsədilə yaratdığı süni geosiyasi hadisələrdir. Hələlik koalisiyanın Hörmüzdə ciddi fəaliyyətinə şübhələr var. Bir çox Avropa ölkələri, o cümlədən, Fransa öz donanmasını Oman və Hörmüzə göndərməkdən imtina etdi. Yunanıstan belə dolayısı ilə bu yöndə imkanların məhdud olduğu bəhanə göstərdi. ABŞ-ın strateji müttəfiqi İsrail bu koalisiyada iştirak etmək üçün öz donanmasını göndərməyə hazır olduğunu bəyan etdi. Məsələnin digər məqamı ondan ibarətdir ki, İsrail öz donanmasını Hörmüz boğazına göndərərsə, regionda yeni bir müharibənin alovlanmasına şərait yaradacaq. Çünki İran təhdidedici bəyanat yaymışdı ki, İsrail donanması bu boğazlarda görünərsə, İran raketləri bu gəmiləri vurmaq hüququnu özündə saxlayır. Ona görə də İsrailin birmənalı olaraq bu prosesə qoşulub-qoşulmaması məsələsi də hələlik sual altındadır”.

Natiq Miri əlavə edib ki, ABŞ bu məsələdən ciddi narahat olmağa başlayıb və anlayır ki, İsrailin regionda yaradılacaq koalisiyada iştirakı ABŞ-İran arasında müharibəni tətikləyə bilər: “ABŞ bu gün İranla birbaşa müharibəyə hazırdırmı? Təbii ki, yox. Birincisi, prezident Donald Tramp bunun əleyhinədir, gələn il ABŞ-da prezident seçkiləri keçiriləcək, İranla başlayacaq hər hansı müharibə qısamüddətli olmayacaq. Uzun perspektivdə İranda hər hansı müharibə Yaxın Şərqdə, bütövlükdə regionda ABŞ-ın bütün geosiyasi maraqlarına təhlükə yaradacaq. İran bildirib ki, ərazilərimiz bombalandığı təqdirdə dərhal Yaxın Şərqdə ABŞ-ın bütün geostrateji hərbi bazaları dərhal vurulacaq. Bunun üçün isə İranın bütün imkanları var. Ona görə də düşünürəm ki, Hörmüz boğazında İran əleyhinə koalisiya təşəbbüsü qısamüddətli olsa da, ciddi təzyiq xarakteri daşıyır. Görünən odur ki, İran geri çəkilmək fikrində deyil. İran anlayır ki, geri çəkilərsə, ABŞ-ın təzyiqi ilə danışıqlar masasına oturarsa, növbəti təzyiqlər bu prosesi davam etdirəcək”.

Politoloq hesab edir ki,ABŞ İranın satmaq istədiyi neftin birmənalı qarşısını da ala bilməyəcək: “Belə cəhd olarsa, İran Hörmüz bozağını bütün neft tankerlərinə bağlayacaq ki, bu da dünya neft bazarında böyük partlayışa səbəb olacaq. Bu partlayışdan təkcə İran deyil, ABŞ-ın strateji müttəfiqləri, region dövlətləri zərər çəkəcək. Bir sözlə, ABŞ-ın Hörmüzdəki koalisiya təşəbbüsü ciddi nəticələr doğurmayacaq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər