3 Sentyabr 2019 15:07
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda daxili və xarici siyasət pis durumdadır. Bu səbəbdən də baş nazir istefaya getməli oldu. Onun yerinə irəli sürülən yeni namizəd Gürcüstanın daxili işlər naziridir. Artıq parlament onu təsdiq edib.

Bu fikirləri Teleqraf.com-a Gürcüstan parlamentinin müxalifətdən olan deputatı Azər Süleymanov deyib.

Gürcüstanda son kadr dəyişikliklərini qiymətləndirən Süleymanov əlavə edib ki, yeni baş nazir Giorgi Qaxarianın istefası iki aya yaxındır ki, tələb olunurdu: “Gürcüstan indi pis durumdadır, dövlət idarəçiliyi faktiki qüsurludur. İnsanlar ümid edirdi ki, “Gürcü Arzusu” onların arzularını həyata keçirəcək, amma təəssüflər olsun ki, bu, arzu olaraq qaldı. Fikrimcə, qısa müddətdən sonra Gürcüstanda növbədənkənar parlament seçkiləri gözlənilir. Hazırda Gürcüstan parlamentinin qarşısında etiraz aksiyaları başlayıb. İnsanlar bütövlükdə hakimiyyətin istefasını tələb edir. Ehtimal edirəm ki, bu aksiyalar davam edəcək”.

Vahid Milli Birlik Hərəkatının deputatı olan Süleymanov əlavə edib ki, əslində Gürcüstanda hökumət dəyişikliyi deyil, yerdəyişmələr baş verir: “Yəni mahiyyət olduğu kimi qalır. Hesab edirəm ki, bununla vəziyyətdən çıxış yolu tapmaq mümkün deyil. Gürcüstan getdikcə daha çox 1990-cı illərin Gürcüstanına bənzəyir. Bizim torpaqlarımızı işğal etməyə cəhd edirlər, amma hökumət xaosu başqa yerdə axtarır. Son təyinatlar “Gürcü Arzusu”nu bir qədər zəiflədəcək. Dəyişikliklərin nə üçün baş verdiyi də aydın deyil”.

Sonda Azər Süleymanov bildirib ki, bu gün “Gürcü Arzusu”ndan olan bir neçə nazir də istefa verib.


Müəllif: Cavad

Oxşar xəbərlər