“1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması çox böyük tarixi hadisədir. Azərbaycanın iqtisadi inkişafı, siyasi nüfuzu baxımından, xalqın sosial həyatı və müstəqilliyin daha da möhkəmlənməsi yönündə uğurlu bir layihədir”.
Bunu Teleqraf.com-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktorun fikrincə, 25 il əvvəl imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanı güclü və qüdrətli bir dövlətə çevirib:
Bu müqavilə imzalanmasaydı bu gün Azərbaycan nə vəziyyətdə idi, bu ölkədə yaşayan insanların sosial halı necə olacaqdı, xarici əlaqələrdə hansı problemlər olacaqdı? Bunu təsəvvür etmək o qədər də çətin deyil.
Düşünürəm ki, “Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisədir. Artıq bu müqavilənin imzalanmasının 25 illiyi tarixə yazıldı. Ötən 25 il ərzində bu müqavilə Azərbaycana müsbət dividentlər qazandırıb. İstər siyasi, istər iqtisadi, istərsə də sosial həyatının müsbət yöndə dəyişməsi baxımından bu müqavilənin oynadığı rol danılmazdır”.
Vüqar Rəhimzadə bildirib ki, “Azərbaycanda regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının uğurla icra olunması, yeni tikilmiş məktəblər, səhiyyə ocaqları, yeni salınmış yollar bu müqavilənin imzalanmasının müsbət nəticələridir:
“Demək olar ki, bunun sayəsində bütün sahələr ən müasir şəkildə qurulub. Bunlar “Əsrin müqaviləsi”ndən gələn gəlirlər hesabına həyata keçirilib. Bu illər ərzində kifayət qədər vətəndaşlarımızın rifah halı yüksəlib.
Ümumilikdə “Əsrin müqaviləsi” həyatımızı dəyişdi, dövlətimizin simasını dəyişdi və Azərbaycanı ən qüdrətli, ən güclü dövlətlər sırasına gətirib çıxardı”.