“Azərbaycanın KTMT-yə üzv olmasına ehtiyac yoxdur. Çünki Azərbaycanın xarici siyasətində dünya gücləri ilə arada məsafə saxlamaq əsas prioritet hesab olunur. Buna görə də KTMT-yə üzvlük Rusiyanın orbiti ətrafında fırlanmaq anlamına gələcək ki, bu da NATO-nun və ya Qərbin Azərbaycana münasibətini dəyişə bilər”.
Politoloq Natiq Miri belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Gürcüstan və Ukraynanın işğal edilmiş ərazilər olmadan NATO-ya üzvlük məsələsi son zamanlarda tez-tez gündəmə gətirilir. NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen bir neçə gün əvvəl Tiflisdə olarkən də belə bir təklif irəli sürmüşdü. Sizcə, Rusiya faktoru nəzərə alınmadan belə bir addım atıla bilər?
- Ukrayna və Gürcüstanın NATO-ya bərabərhüquqlu üzvlük məsələsi problematikdir. Bu, ilk növbədə həmin ölkələrin NATO standartlarına uyğun gəlməməsi ilə bağlıdır. Bu standartlara iqtisadiyyatdan tutmuş, insan haqlarının qorunması, demokratik seçkilər, dövlətçilik institutlarının demokratik idarə edilməsi və digər sahələri əhatə edən məsələlər daxildir. Bu standartlara cavab vermədikcə, ölkələr NATO sıralarına qəbul edilmir. Hələlik Gürcüstan və Ukrayna bu şərtləri əhatə edə bilmir. Düzdür, Ukraynada keçirilən son prezident seçkisi demokratik məcrada keçdi, ancaq iqtisadi məsələlərdə və korrupsiya ilə mübarizədə Ukraynada axsaqlıqlar var.
Gürcüstana gəlincə, bu ölkə Ukraynadan da əvvəl Avropa İttifaqı və NATO-ya bərabərhüquqlu üzv olmaq üçün qollarını çırmayıb. Saakaşvili dönəmində bu strategiya prinsipial olaraq qəbul olunub. Ancaq görürük ki, hələlik NATO Gürcüstan və Ukraynanı öz sıralarına qəbul etmir. Bunun da əsas səbəbi bu iki ölkədə münaqişələrin olmasıdır. Hər iki ölkədəki münaqişələr bilavasitə Rusiya ilə bağlıdır. Gürcüstanın Cənubi Osetiya və Abxaziya, Ukraynanın Krım və Sevastopol əraziləri Rusiya tərəfindən işğal edilib. Krım saxta bir referendumla ilhaq olunaraq, Rusiyaya birləşdirilib. Habelə, bununla kifayətlənməyərək, Ukraynanın Donbas bölgəsində münaqişə yaradaraq, bu münaqişəni zaman-zaman alovlandırır.
Bu münaqişələrin yaranmasında əsas səbəb hər iki ölkənin NATO-ya inteqrasiyasının qarşısını almaqdır. Rusiya bunu öz təhlükəsizliyinin təmin edilməsi ilə izah edir. Əslində bu yöndə Rusiyanı anlamaq mümkündür, çünki NATO artıq Rusiya sərhədlərinə doğru genişlənmək üzrədir. Gürcüstan və Ukrayna bu hərbi ittifaqa üzv olsa, Rusiya birmənalı olaraq NATO ilə qonşu olacaq. Bu da NATO-nun “Rusiyanı çevrələmə” strategiyasının bir hissəsi kimi nəzərdə tutulur. Bu baxımdan, Rusiyanın narahatlığı əbəs deyil. Amma digər yandan bu, müstəqil bir dövlətin ərazisini işğal faktıdır ki, buna beynəlxalq hüquq da imkan vermir. Buna baxmayaraq, Rusiya həm Gürcüstanın, həm də Ukraynanın ərazilərini işğal edib.
Bir tərəfdən də, Rusiya Gürcüstan və Ukraynanı NATO-ya üzv olacağı təqdirdə ərazilərini işğal edəcəyi ilə hədələyir. Biz bunu ilk dəfə 2008-ci ildə Gürcüstan əraziləri işğal olundan gördük. Lakin həmin ərazilər hələ də Rusiyaya birləşdirilməyib. Halbuki Abxaziya və Cənubi Osetiya Rusiyaya birləşmək üçün Moskvaya müraciət edib. Əslində Rusiya Ukrayna və Gürcüstanın bu ərazilərini ilhaq etməklə bir tərəfdən dünya ictimaiyyətinin hədəfinə gəlmək istəmirsə, digər yandan, bu münaqişələr hər iki ölkənin başı üzərinə qaldırılmış “Damokl qılıncı” xarakteri daşıyır. Rusiya bu qılıncı göstərərək, Gürcüstan və Ukraynanın NATO-ya gedən yolda qarşısını kəsir.
- Sanki NATO-nun özü də indiki vəziyyətdə bu iki ölkəni öz sıralarında görməkdə o qədər də maraqlı görünmür...
- Bəli, NATO da münaqişəli ölkələri bərabərhüquqlu üzv kimi öz sıralarına qatmağa tələsmir. Çünki bu halda NATO-Rusiya qarşıdurması ehtimalı yüksələcək. Bu gün NATO və Rusiya arasında ballistik raketlərlə bağlı ciddi qarşıdurma yaşanır. Perspektivdə də bu gərginliyin səngiyəcəyi görünmür. Buna görə də NATO başa düşür ki, müəyyən standartlara cavab versə belə, bu ölkələri öz sıralarına cəlbs etsə, bu, Rusiya ilə açıq qarşıdurmaya gətirib çıxaracaq. Ukrayna və Gürcüstan NATO-ya üzv olsa, Rusiya ilə yaşanacaq qarşıdurmada digər ittifaqa üzv dövlətlər onları müdafiə etmək məcburiyyətində qalacaq. Eyni zamanda, NATO-nun ən önəmli müttəfiqi olan ABŞ-ın hava hücumundan müdafiə sistemlərində boşluqlar var. Amerikalı generallar zaman-zaman bu problemi dilə gətirir. Bu gün NATO-da Rusiyanın hiper sonik, nüvə başlığı daşımaq gücündə olan ballistik raketlərinin qarşısını ala biləcək hava hücumundan müdafiə sistemləri yoxdur. Bu problemlər həll olunmayanadək, Rusiyanın bu sistemləri neytrallaşdırılmayanadək NATO Rusiya ilə hərbi qarşıdurmaya getməyəcək. Bu baxımdan, yaxın zamanda Gürcüstan və Ukraynanın NATO-ya qəbul olunacağını gözləmirəm.
- Rusiyada isə axır vaxtlar rəsmi və qeyri-rəsmi səviyyələrdə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük ehtimalından danışılır. Azərbaycan hansı şərtlər daxilində “Rus NATO-su” adlandırılan bu ittifaqa üzv ola bilər, ümumiyyətlə, bu bloka qoşulmağa ehtiyac var?
- Azərbaycanın KTMT-yə üzv olmasına ehtiyac yoxdur. Çünki Azərbaycanın xarici siyasətində dünya gücləri ilə arada məsafə saxlamaq əsas prioritet hesab olunur. Buna görə də KTMT-yə üzvlük Rusiyanın orbiti ətrafında fırlanmaq anlamına gələcək ki, NATO-nun və ya Qərbin Azərbaycana münasibətini dəyişə bilər. Nüvəsi Rusiya olan KTMT-yə üzvlük Azərbaycana nə verəcək? Bu suala cavab vermək lazımdır. Çünki bu gün Rusiyanın xarici siyasətində Dağlıq Qarabağ münaqişəsi prioritet deyil. Rusiya ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qollarını çırmalamayıb. Çünki Rusiya Qarabağ məsələsini Azərbaycan və Ermənistana siyasi təzyiq mexanizmi kimi əlində saxlayır. Belə olan halda, Azərbaycanın KTMT-yə üzv olması – Rusiyanın orbitinə daxil olması Azərbaycana nə qazandıra bilər? Ayrıca, bu gələcəkdə Qarabağ və digər məsələlərin həll prosesində Azərbaycanın əlini zəiflədən bir məsələ ola bilər.
Bu gün KTMT-yə müşahidəçi qismində qatılmaq müqabilində Qarabağ münaqişəsinin həlli ilə bağlı bəzi vədlər verilir. Hətta Qarabağ ətrafındakı 5 rayonun qaytarılması vədi verən saxta “Lavrov planı” ortaya atıldı. Ancaq Azərbaycan bu oyuna getmədi. Azərbaycan anladı ki, Rusiya növbəti dəfə onu aldada bilər. Çünki bu günədək Rusiyadan Qarabağdan Ermənistana təzyiq vasitəsi kimi istifadə edilməsi halı müşahidə olunmayıb. Ayrıca, Rusiya bu gün Ermənistanda yeni iqtidara gəlmiş Paşinyan hökuməti ilə münasibətlərinə aydınlıq gətirə bilmir. Rusiya bu gün Paşinyanı yola salaraq, öz maraqlarına cavab verən qüvvələri Ermənistanda hakimiyyətə gətirməkdə maraqlıdır. Bu halda da, Azərbaycanın KTMT-yə üz olması qəbuledilməzdir.
- Bəs nə etməliyik?
- Azərbaycan nəinki KTMT-yə üzvlük məsələsini nəzərdən keçirməli, Ermənistanla Dağlıq Qarabağ danışıqlarını dayandırmalıdır. Birmənalı olaraq beynəlxalq tribunadan bunu bəyan etməlidir. Buna əsas olaraq, Nikol Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı açıq formada göstərilməlidir ki, Azərbaycanın belə bir bəyanat verən hökumətlə bir masa arxasında oturması mümkün deyil. Digər yandan, Ermənistan bu günədək Qarabağı dünya ictimaiyyətinə və beynəlxlaq təşkilatlara “müstəqil subyekt” kimi tanıtmağa cəhd edir. Bu baxımdan “Qarabağ Ermənistanındır” bəyanatı həm Azərbaycana qarşı hörmətsizlikdir, həm də ATƏT-in Minsk qrupuna həmsədr dövlətlərin fəaliyyətinə tüpürməkdir.
Buna görə də Azərbaycan Ermənistanla danışıqları dayandırmalıdır. Həm diplomatik hücumlarla, həm də hərbi əməliyyatlarla işğal olunmuş ərazilərin azad edilməsinə başlamalıdır. Bu iki proses paralel yürüdülməlidir. Həm regional güclərin, həm də beynəlxlaq güc və təşkilatların bu əməliyyatlara mane olmasının qarşısını almaq üçün diplomatik fəaliyyət ortaya qoymaq zamanıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunmadan KTMT-yə üzvlüyün Azərbaycana xeyri olmayacaq. Birmənalı olaraq, bu bloka qoşulmaq müqabilində nə ətraf rayonlar, nə də Dağlıq Qarabağ Azərbaycana qaytarılmayacaq.