Geosiyasi vəziyyət və Rusiyanın müəyyən sanksiyalarla üzləşməsi Moskvanı bir sıra dövlətlərin başçıları ilə görüşə vadar edir. Azərbaycan da bu dövlətlərin siyahısındadır. Diqqət edin, Soçidə keçiriləcək Valday Beynəlxalq Müzakirə Klubunun toplantısına Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı İordaniya Kralı Abdullah, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Filippin Prezidenti Duterte də dəvət edilib.
Bu sözləri Teleqraf.com-a politoloq Fikrət Sadıqov Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə keçiriləcək Valday Beynəlxalq Müzakirə Klubunun XVI illik toplantısı dəvət edilməsi haqda danışarkən deyib.
Politoloq əlavə edib ki, Rusiyanın müəyyən dövlətlərin onunla yaxınlıq etməsinə ehtiyacı var: “Azərbaycan Rusiya ilə müəyyən formatda əməkdaşlıq edir və bu çərçivədə Azərbaycan Rusiya üçün maraqlıdır.
İkincisi, bu səfər çərçivəsində dövlət başçıları arasında ikitərəfli görüşlər keçiriləcək. Şübhə etmirəm ki, Azərbaycanın maraqlarına cavab verən məsələlər müzakirə olunacaq. O cümlədən də Dağlıq Qarabağ problemi. Fikir verin, son zamanlar rəsmi Yerevan azğınlaşıb, gah Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi elan edir, gah da sərsəm bəyanatlar səsləndirir. Bu fonda Azərbaycan üçün Putinlə görüş önəmli faktora çevrilir. Çünki biz Rusiyaya öz qəti mövqeyimizi bildirməliyik. Demək olar ki, Rusiya daim Ermənistanın arxasında dayanıb və ona hərbi dəstək verib”.
Avrasiya iqtisadi Birliyinin Ali Şurasının toplantısının oktyabrın 1-də Yerevanda keçiriləcəyini xatırladan politoloq əlavə edib ki, əslində Moskva arzu edir ki, Azərbaycan bu formatda da təmsil olunsun: “Amma Azərbaycan tələsmir, bu məsələ bizim gündəliyimizdə dayanmır. Biz Ermənistan xaric Avrasiya İqtisadi Birliyində təmsil olunan əksər ölkələrlə yüksək səviyyədə ikitərəfli münasibətlər saxlayırıq və bizim orada təmsil olunmaq ehtiyacımız yoxdur. Burada incə məqam odur ki, Putin Paşinyanın fəaliyyətindən narazıdır. Bu, birmənalı belədir. Məncə, bizim dövlət başçımız bundan istifadə edərək diplomatik addım ata bilər. Məsələn, Ermənistanın iddiaları, səhv və mənasız bəyanatlarının Rusiya tərəfindən obyektiv qiymətləndirilməsi və bu ölkəyə təzyiq göstərilməsi istənilə bilər. Bu mənada düşünürəm ki, Soçidə İlham Əliyev-Vladimir Putin görüşünün keçirilməsi Azərbaycan milli maraqlarına tam cavab verəcək”.
Xatırladaq ki, Valday Beynəlxalq Müzakirə Klubunun XVI illik toplantısı 30 sentyabr - 3 oktyabr 2019-cu il tarixdə Soçidə keçiriləcək. Builki mövzu “Şərqin şəfəqi və dünya siyasi sistemi”dir.