Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini qazanandan sonra çətinliklərə baxmayaraq, dövlət xadimi Heydər Əliyevin liderliyi ilə xaos və qarşıdurmadan xilas olaraq yeni inkişaf mərhələsinə daxil oldu.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisidə payız sessiyasının qanunvericilik işləri planına təkliflərini dilə gətirən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
O, əlavə edib ki, bü illər ərzində tənqidlərə baxmayaraq, ölkə böyük inkişaf yolu keçib, amma problemlərimiz də qalmaqdadır, Azərbaycan torpaqları işğal altındadır.
Mövcud konstitusiyanı keçid dövrünün konstitusiyası kimi təqdim edən Q.Həsənquliyev təklif edib ki, yeni konstitusiya qəbul edilsin: “Əlbəttə, bunun üçün hakim partiyanın mövqeyi və razılığı vacibdir. Siyasi islahatlar, çoxpartiyalı sistemin inkişafı üçün yeni konstitusiyaya ehtiyac var. Proporsional seçki sisteminin bərpası və s. Hesab edirəm ki, bu haqda ciddi düşünmək lazımdır”.
Azərbaycan ərazilərinin işğal edildiyi, bu ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparıldığını xatırladan Q. Həsənquliyev təklif edib ki, işğal edilən torpaqlarla bağlı qanun layihəsi hazırlansın: “Bu barədə indiyə qədər də təkliflər səsləndirilib. Gürcüstan, Ukrayna və Moldovada işğal edilən torpaqlarla bağlı qanun qəbul edilib. Biz də buna uyğun qanun qəbul etməliyik. Bizim işğal altında olan torpaqlarımızda qanunsuz investiiya yatıranlar, məskunlaşma aparanlar barəsində cinayət işi açılmalıdır. Bunun üçün ayrıca qanunun qəbuluna ehtiyac var”.