"Rusiyanın xarici işlər naziri Sergey Lavoruvun İrəvanda “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmyacaq” açıqlaması mənim üçün əsla təəccüblü deyildi. Səfərdən bir gün əvvəl onun Ermənistanın “Mediamaks” agentliyinə verdiyi müsahibədə bir cümləni burada paylaşmışdım. Lavrov bunu demişdi: “Dağlıq Qarabağın statusu hüquqi nöqteyi nəzərdən özmüqədərratın təyini yolu ilə həll edilməlidir”. Bəlliydi ki, oxşar açıqlamanı İrəvanda da səsləndirəcəkdi".
Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovun Irəvanda səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
Ekspertə görə, bu çür açıqlama Lavrovun erməni mənşəli olması ilə bağlı deyil. "Lavrovun yerində İvanov da olsa eyni sözləri deyəcək. Bu Rusiyanın ümumi siyasətidir. 200, 100 və 70 il əvvəl də belə olub, indi də belədir..."
Qeyd edək ki, İrəvanda mətbuat konfransı zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki,
Qarabağ problemini münaqişə tərəflərinin maraqlar balansına əsaslanaraq həll etmək mümkündür.
Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən "Dağlıq Qarabağı danışıqlar masası arxasına qaytarmaq" cəhdlərinə dair sualla bağlı cənab Lavrov qeyd edib ki, danışıq iştirakçılarının tərkibini tərəflər müəyyən edib razılaşdırmalıdır.
"Bu məsələ ilə bağlı həm prezidentlər, həm Baş nazir, həm xarici işlər nazirləri fikir bildiriblər. Bir daha qeyd edim ki, danışıq iştirakçılarının tərkibini tərəflər müəyyən edib razılaşdırmalıdır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarla bağlı məsləhətləşdirmələrin ilk mərhələsində, döyüşlər dayandırıldığı zaman Dağlıq Qarabağ müvafiq razılaşmaların, atəşkəsdən sonra başlanan müvafiq danışıqların iştirakçısı olub. Hansısa bir mərhələdə Ermənistanın əvvəlki prezidentlərindən biri qərara gəlib ki, Dağlıq Qarabağın maraqlarını Yerevan təmsil edəcək", - Rusiya xarici işlər naziri deyib.
Sergey Lavrovun sözlərinə görə, Rusiya vasitəçi ölkə olaraq "yalnız danışıqlar prosesinin ümumi razılıq şəraitində davam etməsinə" nail olmağa çalışa bilər.
"Hamıya aydındır ki, Dağlıq Qarabağ xalqı, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılığın rəsmiləşdirilməsi mümkün deyil. Ermənistan onu sadəcə, imzalamaz. Və biz bunu nəzərə alırıq", - Lavrov izah edib.
Lavrov, bu gün görüş zamanı Ermənistan Baş naziri Nikol Paşinyanın daha əvvəl də səsləndirdiyi: "Yekun razılaşmalar Ermənistan, Qarabağ və Azərbaycan xalqlarının maraqları nəzərə almalıdır", - bəyanatını xatırlatdığını deyib.
"Bununla mübahisə etmək çətindir", - Lavrov əlavə edib. Münaqişənin tənzimlənmə prinsiplərinə gəldikdə, bu sualı cavablandıran Rusiya xarici işlər naziri bildirib ki, "tərəflər arasında müzakirə edilən bütün sənəd variantlarında" problemin həlli ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmək hüququ və dinc sülh yolu ilə həlli prinsipləri nəzərdə tutulur.
"İstənilən halda, son qərar bu prinsipləri nəzərə almalıdır. Bunu heç kəs - nə Yerevan, nə də Bakı - mübahisə etmir. Sonrası - diplomatiya məharətidir, əslində isə kompromisə hazır olmaqdır. ...İstənilən saziş, ələlxüsus belə bir mürəkkəb məsələ üzrə, kompromis [tələb edir]. Biz isə, həmsədrlər isə, çalışırıq ki, kompromislər təmiz olsun, ədalətli olsun, həqiqi maraqlar balansını əks etsin", - Sergey Lavrov deyib.