12 Noyabr 2019 21:43
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ASDP sədri, millət vəkili Araz Əlizadənin İctimai Televiziyada yayımlanan "3D" verilişində Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycanda pul müqabilində döyüşməsi və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmaması barədə fikirləri hamı kimi məndə də çox böyük təəssüf hissi yaratdı. Araz Əlizadə bu fikirləri hələ 2017-ci ildə bir neçə dəfə təkrarlayıb və araşdırmaçı-tarixçilərdən layiqli cavabını da alıb".

Teleqraf.com xəbər verir ki, bu fikirlər ATXƏM sədri İlham İsmayılova məxsusdur.

İ.İsmayılov qeyd edib ki, məsələyə bir az gec cavab verməyinin nədəni son bir həftə ərzində Avropada (Brüsseldə) Azərbaycanın diaspor və media lobbiçiliyi ilə bağlı həyata keçirdiyi layihə ilə bağlıdır: "Əslində biz ictimai təşkilatlar olaraq, Araz Əlizadə və onun kimi "millət vəkilləri"nin görməli olduqları işləri görməklə məşğuluq. Araz Əlizadə isə Milli Məclisdə boş-boş oturduğu müddət ərzində nə bir faydalı təşəbbüslə çıxış edib, nədə ki seçicilərin problemlərinin həllində bir yardım göstərib. Bəs Araz Əlizadəni dönə-dönə Nuru Paşa mövzusuna qayıdıb, Türkiyəni ittiham etməsinin kökündə nə dayanır?
Fikrimizcə, Araz Əlizadənin genetik olaraq, şüuraltında bir türk rahatsızlığı var. Bir ay öncə Bakıda baş tutan Türk Şurasının 10 illik yubileyi və bu Şuranın tərkibinin hər keçən il daha dolğunlaşması Araz Əlizadəni rahatsız edir. Həm də o qıcıq yaradan çıxışları ilə İran və Rusiyaya bu rahatsızlığını nümayiş edircəsinə çatdırmağa çalışır. İki il əvvəl də Araz Əlizadə bu mövzunu ortaya atmışdı. Bu həmin vaxtlar idi ki, Azərbaycanla-Türkiyə arasında yaxınlaşma, strateji tərəfdaşlıq pik həddə çatmışdı. Bəlkə də o zaman onun bu münasibətini fikir plüralizmi, fikir müxtəlifliyi kimi dəyərləndirmək olardı. Amma görürük ki, o içərisində bir türk düşmənçiliyi bəsləməkdədir və fürsət düşən kimi qardaş xalqlar arasında nifaq toxumu səpmək, düşmənçilik etməklə məşğuldur".

ATXƏm sədri hesab edir ki, bu cür açıq-aydın düşmən mövqeyi sərgiləyən bir şəxsin nifrət etdiyi bir xalqın millət vəkili olması da arzuolunan deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər