45 saylı Abşeron Seçki Dairə Komissiyasının növbədənkənar parlament seçkiləri üçün namizədliyini qeydə almaqdan imtina etdiyi tanınmış yazar, Qaynarinfo.az-ın baş redaktoru Zahir Əzəmət (Rəhimov) Mərkəzi Seçki Komissiyasına şikayət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Zahir Əzəmət özü məlumat verib. Baş redaktor bildirib ki, lazımi sənədlər şikayətə əlavə olunub:
"Artıq MSK-ya şikayət etmişik. Lazımi sənədlər hazırlanıb, komissiyanın qərarını gözləyirik. İnanıram ki, MSK öz reputasiyasını qorumaq üçün qısa müddətdə ədalətli qərar qəbul edəcək. Çünki iki gün sonra artıq qeydə alınmış namizədlər rəsmi təbliğat-təşviqat mərhələsinə başlayacaq. Biz isə yaradılmış bu cür süni əngəllər üzündən prosesdən kənarda qalırıq".
Xatırladaq ki, ötən gün Dairə Seçki Komissiyası əmlak bilgilərində uyğunsuzluğu səbəb göstərərək Zahir Əzəmətin namizədliyini qeydə almaqdan imtina etmişdi. Belə ki, namizəd respublika üzrə adına hansı əmlakın olmasını aydınlaşdırmaq üçün 08 yanvar 2020-ci il tarixində Əmlak Komitəsindən rəsmi arayış alaraq, DSK-ya verdiyi məlumatları onun əsasında tərtib edib. Həmin rəsmi arayış da bildirişə əlavə olunub. Ötən gün isə məlum olub ki, Əmlak Komitəsi DSK-ya 26 dekabr 2019-cu ildə tamam başqa cavab verib. Həmin cavabda Z.Əzəmətin ailə üzvü olaraq adının keçdiyi ümumi torpaq sahəsi naməlum səbəblərdən namizədə verilən rəsmi arayışda qeyd olunmayıb.