23 Yanvar 2020 10:07
3 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azad Demokratlar Partiyasının sədri, siyasi analitik Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.

- Sülhəddin bəy, Rusiya Prezidenti Vladimir Putin konstitusiya dəyişikliklərinə gediləcəyinə dair anons verməsini necə qiymətləndirirsiniz?
- Ümumilikdə yanaşsaq bu, Putinin ali dövlət hakimiyyətini dünyada və ölkə daxilində gedən proseslərə uyğunlaşdırmaq, konstitsyon əsas yaratmaq cəhdidir.

Xüsusi yanaşmaya gəldikdə burada bir neçə məsələni qeyd etmək olar.

Birncisi, Putin və ətrafının niyyəti görünür, milli qanunvericiliyin suverenliyini elan etməklə beynəlxalq hüquqdan və beynəlxalq sanksiyalardan yayınmaq cəhdidir. Bu açıq hiss olunur. Xüsusilə, gələcəkdə daha güclü və ağır sanksiyaların tətbiq ediləcəyinin gözlənildiyi bir vaxtda Putinin bu addımı onun məlumatlı olması ilə bağlıdır. Yəni Putin özünü və yaxın ətrafını beynəlxalq hüquqdan gələn norma və sanksiyalardan qorumağa çalışır.

İkincisi, Putin sözsüz ki, daxili vəziyyəti nəzərə alır və bir tərəfdən islahatçı obrazını yaratmağa çalışır, sanki durğunluq dövründə vaqonu silkəməyə çalışır ki, qatarın getdiyi görünsün. Əslində isə qatar heç yerə getmir, yerindədir və Putin gələcək hakimiyyəti, onun variantları haqqında düşünür. Bu da, bir tərəfdən hökuməti formalaşdırmaq səlahiyyətini parlamentə verməklə məsuliyyətini azaldır.

Yəni hökumətin fəaliyyəti və onun siyasətinə görə, ilk növbədə parlament məsuliyyət daşıyacaq. Buna görə prezident məsuliyyət daşımalı olmayacaq. Digər tərəfdən, baş naziri və digər nazirləri istədiyi zaman hakimiyyətdən uzaqlaşdırmaq səlahiyyətini də özündə saxlayır. Bu da çox hiyləgər bir gedişdir. Putin bilir ki, getdikcə ölkədə sosial-iqtisadi vəziyyət ağırlaşır və nəzərə alır ki, 2021-2022-ci illərdə dünya iqtisasdi böhranın gözlənildiyi və Rusiyaya qarşı sanksiyaların ağırlaşacağı vaxtda durum daha da kritik olacaq.

Odur ki, indidən özünü təminat altına almaq istəyir. Yaranacaq vəziyyətə görə də hökumət məsul olacaq.

Eyni zamanda 2024-cü ildən sonra hakimiyyəti əlində saxlamaq variantları haqqında düşünür. Bunun biri artıq Rusiyada təcrübədən keçirilən baş nazirlə yerdəyişmə, digəri dövlət şurası variantıdır. Sonuncu hazırda Qazaxıstanda təcrübədən keçirilir. Nəhayətdə konstitusiyaya əlavə və düzəlişlərin hansı şəkildə olacağı hələlik bilinmir və onun detalları rəsmən açıqlanmayıb.

İctimaiyyət hələlik bu dəyişikliklərin mahiyyətindən xəbərsizdir. Odur ki, dövlət şurasının səlahiyyətləri də hələlik bəlli deyil. Mənə elə gəlir ki, əvvəlki baş nazirlə bir müddət yerdəyişmə ilə müqayisədə dövlət şurası sədrliyi Putin üçün daha cəlbedici görünə bilər. Bütövükdə ümumiləşdirsək bu dəyişikliklər Putinin dünyada və Rusiyada yaranan vəziyyətə uyğunlaşmaq cəhdidir. Həm hakimiyyəti, həm də mülkiyyəti əlində saxlamaq məqsədilə dinamik dəyişikliyə uyğun olaraq konstitusiya əsaslarını yaratmaq istəyir.

- Son açıqlamalardan görünür ki, bu dəyişikliklər sayəsində prezident institutu müəyyən qədər zəiflədilir. Prezidentin səlahiyyətləri müəyyən qədər Dumaya və yerli icra oqanlarına ötürülür. Əgər Putin qalacaqsa, bu halda səlahiyyətlərin paylaşdırılmasında məqsəd nədir?
- Bir tərəfdən daxildə olan narazılığı qabaqlamağa çalışır. Ölkədəki vəziyyəti nəzərə alaraq hakimiyyət bölgüsünün və ali dövlət hakimiyyəti qolları arasında balansın yaradılması üçün addımlar atdığını nümayiş etdirir. Bu sakitləşdirici addımlardır. Digər tərəfdən, açıq elan edir ki, bizim ölkəmizdə parlamentli respublika mümkün deyil.

Səbəb kimi də milli ərazi quruluşunu, tarixi ənənələri göstərir və bildirir ki, güclü prezident hakimiyyətini qorumaq lazımdır. Yəni Putinin niyyəti heç də ali dövlət hakimiyyəti qolları arasında hakimiyyət bölgüsünə getmək, demokratik qüvvələr balansı yaratmaq deyil. Sadəcə bu imitasiya və görüntüdür. Bu görüntüyə rus xalqı nə dərəcədə inanacağını yaxın zaman göstərəcək.

- Ancaq Rusiyada müxalifət də var və onlar bu islahatlara heç də pozitiv yanaşmırlar və mübarizə aparacaqlarını elan edirlər. Sizcə, müxalifət və cəmiyyət konstitusiya islahatlarını necə qarşılayacaq?
- Rusiya mediasını izləyəndə bunun ilk işartılarını görmək olar. Cəmiyyətdə belə fikir var ki, Putin hakimiyyəti əldən vermək niyyətində deyil. Putin və yaxın ətrafının əlində o qədər hakimiyyət və mülkiyyət cəmləşib ki, onlar bunu asanlıqla verən deyillər.

- Amma müxalifətdə artıq Moskvada 10 minlik aksiya keçirməyi planlayıb və buna rəsmi icazə də verilib...
- Təbii prosesdir, amma Putin rus xalqının ənənəvi mühafizakarlığına inanır və etibar edir. Bilir ki, rus xalqı güclü əl və liderin tərəfindədir. Müxalifətdə hələlik o qədər güclü deyil ki, onun hakimiyyəti üçün problem yarada bilsin. İndiki mərhələdə Putin üçün elə bir ciddi təhlükə yoxdur. İrəlidə təhlükənin ortaya çıxma risqləri yüksəlsə görəcəksiniz ki, hansı metodlardan istifadə olunacaq. Hətta qanlı metodlarda ortaya çıxa bilər.

Ancaq şübhəsiz ki, dünya və region inkişaf edir və bu inkişaf da Rusiyaya təsirsiz ötüşməyəcək. Xüsusilə, planlandığı kimi 2021-2023-cü illərdə iqtisadi böhran yaranacaqsa və Rusiya məsələsi gündəliyə çıxacaqsa, habelə Rusiyaya qarşı daha ağır sanksiyalar tətbiq ediləcəksə, bu zaman daxili durum daha ciddi xarakter alacaq. Və bu halda müxalifət məsələsi də ciddi şəkildə gündəmə gələcək. Bunun üçün hələlik Putinin bir ilə yaxın vaxtı var.

- Nədən bir il?
- Mən Rusiyanın 2021-ci ildə dünyanın gündəmə gəlməsi baxımından deyirəm. Necə ki, indi İran məsələsi dünyanın gündəmindədir. Putinin hakimiyyətdən gedəcəyi 2024-cü ili nəzərdə tutmuram.

- Nədən, konstitusiyada prezidentin seçilməsinə dair mövcud olan qadağa aradan qaldırıb prezident kimi davam etmir, əvəzində fərqli yol seçilir...
- Əslində bu proqresiv konstitusiya norması deyil. Müasir dövrdə ümumiyyətlə hər bir şəxsin iki müddətdən artıq prezident ola bilməz müddəası daha əsaslı görünür. Bir şəxsin iki dəfədən artıq dalba-dal prezident seçilməsi müddəasının olması əslində Putinin maraqlarına uyğundur. Çünki formal baxımdan ortada daha bir keçid dövrü edib yenə də hakimiyyətə qayıtmaq mümkündür.

- Bəs nədən buna gedilmir?
- Bilirər ki, bu yola gedilsə əsas məqsəd və məram başa düşüləcək. Bu halda yenidən prezident olmaq problemi ortaya çıxa bilər. Yəni bu halda hər bir Rusiya vətəndaşı anlayacaq ki, 2024-cü ildə Putin yenidən prezident olacaq.

- Təklif edilən dəyişikliklərlə Putin müasir Rusiyada öz mövqe və imkanlarını uzun müddət qoruyub saxlaya və dövləti idarə etməkdə davam edə biləcəkmi?
- Bunu indidən demək çətindir. Bir ildən sonra bu suala daha dəqiq cavab vermək olar. Çünki 2021-ci ildə start götürəcək dünyada, regionda və Rusiyada baş verəcək hadisələrə baxmaq lazımdır. İndi daha geniş proqnozlar vermək erkəndir.


Müəllif: Nemət Orucov