“Mərkəzi Seçki Komissiyası (MSK) və məntəqə seçki komissiyaları seçkilərin mütəşəkkil, açıq və azad keçirilməsini təmin etmək üçün çox böyük işlər görüb”.
Teleqraf.com xəbər verir ki, bunu MDB müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski deyib.
Onun sözlərinə görə, komissiyalar işini yaxşı bilir və hər şeyi milli qanunvericiliyə uyğun edir.
V.Quminski bildirib ki, bu gün Azərbaycanda keçirilən seçkilərdə çox sayda namizəd qeydə alınıb: “Namizədlərin sayı ötəndəfəkindən, demək olar, 2 dəfə çoxdur. Bu, əhalinin qanunverici orqana inamın artdığını və vətəndaşların ölkənin taleyinə, çiçəklənməsinə biganə qalmadığını göstərir”.
Onun sözlərinə görə, seçkilərə hazırlıq sakit şəraitdə keçib.
“İşimizə yanvarın 19-da başladıq – bu, uzunmüddətli missiyadır. Ümumilikdə, heyətimizdə 8 ölkədən 252 müşahidəçi var. Yalnız məlum səbəblərə görə, Ukrayna və Ermənistandan müşahidəçi yoxdur. Müşahidələrimiz Azərbaycanın 20-dən çox bölgəsində olub. Şəxsən mən Qubada olmuşam, dünən də Şamaxıda idim”, - missiya rəhbəri söyləyib.//Report.az