Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən debatlar bütün dünyada ciddi marağa səbəb olub. Prezident İlham Əliyevin dəmir məntiqi qarşısında deməyə söz tapmayan, əsassız və gülünc arqumentlərlə öz mövqeyini müdafiə etməyə çalışan N.Paşinyan nəticə etibarı ilə daha rüsvayçı vəziyyətə düşdü.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.
O qeyd edib ki, Münhendəki panel müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyev dünya mediasının, beynəlxalq ictimaiyyətin gözü qarşısında Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi, N.Paşinyanın əsassız iddialarını darmadağın etdi.
Dövlətimizin başçısı dünya ictimaiyyətinin, o cümlədən beynəlxalq təşkilatların təcavüzkara təzyiq göstərməsinin vacibliyinə diqqət çəkdi, bunu zəruri edən səbəblərə toxundu. Prezident İlham Əliyev Azərbaycanın uğradığı təcavüz fonunda Ermənistanın bütün region, beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi təhdid mənbəyi olduğunu real faktlar əsasında ortaya qoydu.
C.Xəlilov bildirib ki, Prezident İlham Əliyevin tutarlı şərhləri qarşısında aciz vəziyyətə düşən N.Paşinyan Ermənistanın Azərbaycan torpaqlarının işğal etdiyini, onu qaytarmaq niyyətində olmadıqlarını etiraf etdi. N.Paşinyanın işğalçı olduqlarını etiraf etməsi faktı da Azərbaycanın siyasi uğuru kimi qiymətləndirməlidir. Həmçinin bu etiraf onu göstərir ki, Ermənistanın problemi sülh yolu ilə həll etmək niyyəti yoxdur və Azərbaycan Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli məsələsinə daha çox diqqət ayırmalıdır.
“İşğal altındakı torpaqlarımızı azad etmək Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan hüququdur və buna ölkəmizin həm hüquqi, həm də mənəvi haqqı var. Bu baxımdan Münhendəki debatlar Prezident İlham Əliyevin parlaq siyasi qələbəsi kimi dəyərləndirilməli və bu qələbənin nəticələrindən səmərəli şəkildə yararlanmağa səy göstərməliyik”, - deyə C.Xəlilov vurğulayıb.