28 Fevral 2020 21:39
2 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fevralın 25-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozef Borrell arasında telefon danışığı olub. Görüşdə AB-Azərbaycan ikitərəfli gündəliyi və tərəflər arasındakı münasibətlərin hüquqi bazası kimi nəzərdə tutulan – yeni ikitərəfli sazişlə bağlı danışıqların tərəflərin təklif, mövqelərinin əsasında davam etdirilməsi müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

Ekspert bildirib ki, təkliflər sırasında Jozef Borrellin Azərbaycanın bu ilin iyun ayında keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə, ümumilikdə Şərq Tərəfdaşlığı siyasətinə əsas iştirakçı ölkələrdən biri kimi dəstək verməsinin vacibliyi yer alıb:

“Qeyd edim ki , Şərq Tərəfdaşlığı ölkələrinin iyun ayında keçiriləcək sammitində nazirlər və digər mühüm vəzifəli şəxslərin görüşü nəzərdə tutulur. Təkliflərdən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş perspektivləri ətrafında tərəflərin müzakirəsi etməsi haqda olub.

Məsələ ondadır ki, Qarabağ münaqişəsi Avropa Birliyinə görə özünün cənub-şərq sərhədləri üçün narahatlıq yaradır. Bu səbəbdən Qarabağ məsələsi bir sıra parametrlər üzrə birliyin təhlükəsizliyi üçün mühüm elementdir. Bura enerji, nəqliyyat və tranzit məsələləri də daxildir. Nəzarətsiz ərazilərdən müxtəlif növ daşınmalar da (silah, miqrant, narkotika və digər) nəzərdə tutulur. Buna görə də, bu telefon danışığı AB-nin Xarici və Təhlükəsizlik Siyasətinin mühüm bir bəndi kimi, Qarabağ münaqişəsinin həlli ətrafında təhlükəsizlik məsələlərinin nəzərə alınmasının vacibliyi haqda razılaşma ilə davam etdirilib”.

Yeganə Hacıyeva qeyd edib ki, Borrell görüşdə qurumun Avropa Birliyi Şərq Tərəfdaşlığının bütün üzv dövlətlərinin suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün toxunulmazlığı və siyasi müstəqilliyinin dəstəkləməsi ilə bağlı öhdəliyini növbəti dəfə təsdiqləyib:

“Hesab edirəm ki, istər Azərbaycan, isərsə də AB ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların irəliləməsində maraqlıdır. Məsələ ondadır ki, danışıqlar hər iki tərəfdə baş tutan seçkilərə görə bir qədər öz tempini aşağı salmışdı, amma ümumilikdə ətalət və ya narahatedici məqamlar mövcud deyil.

AB nin müxtəlif siyasi qurumları və onların Azərbaycan daxilindəki tərəfdaşlarının göstərməyə çalışdığı “AB ilə Azərbaycan arasında yeni strateji sazişin imzalanması prosesi ətrafında fikir ayrılığı var ” kimi psevdo-reallıq yoxdur. AB və Azərbaycan arasındakı Əməkdaşlıq Şurasının növbəti iclasının qrafiki də müəyyən edilib, hər şey də qrafik üzərə davam edir. Proses zamanı yeni sualların yaranması isə normaldır. Çünki AB və Azərbaycan arasında imzalanması nəzərdə tutulan saziş miqyasına görə, bir ölkə, region deyil, regionlararası enerji, tranzit və digər layihələr üçün nəzərdə tutulan nəhəng strateji sazişdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər