“Moskvada Rusiya və Türkiyə Prezidentləri arasında baş tutan görüşdən sonra İdlibdə status-kvo dəyişdi - şərqi və cənubu Əsəd rejiminin nəzarətinə keçdi. Türkiyənin “Əsəd ordusu İdlibin Gərginliyi Azaltma Bölgəsi sərhədlərindən kənara çıxarılmalıdır” tələbi nəinki yerinə yetirilmədi, əksinə sənəddə yalnız təmas xəttindən söhbət getdi ki, burada da tərəflər öz mövqelərində qalmaqda davam edəcək. Bununla da Soçi anlaşması tarixə qovuşdu”.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, sonrakı mərhələdə M4 şosesinin üstündə 12 kilometrlik təhlükəsizlik koridorunun yaradılması nəzərdə tutulub ki, burada da Türkiyə-Rusiya birgə olaraq patrul xidməti həyata keçirəcək:
“Bu isə o anlama gəlir ki, həmin dəhliz Əsəd rejimi üçün keçilməz sədd olacaq. İdlib şəhər mərkəzi Əsəd rejiminə müxalif qüvvələrin nəzarətində qaldı.
Sənəddə əsas problemlərdən biri Heyət Təhrir-Şam (HTŞ) terrorçuları ilə bağlıdır. HTŞ M4 yolunun şimalında fəaliyyət göstərir və əvvəlcədən bu anlaşma ilə razılaşmayacaqlarını bəyan edib. Bu isə Türkiyə üçün əlavə baş ağrısı yaratmaqla bərabər, Əsəd rejimi dəstəkçilərinə də hər an anti-terror əməliyyatlarına başlama bəhanəsi verə biləcək. Yəni bundan əvvəl olduğu kimi”.
Natiq Miri qeyd edib ki, Rusiya mülki əhali və yaşayış məskənlərini vurmamaqla bağlı üzərinə öhdəlik götürdü:
“Ancaq bu cür öhdəliklər Soçi anlaşmasında da götürülmüşdü, hansı ki, bu günün gerçəklərində həmin sənəd tarixə qovuşdu. Hər dəfə süni olaraq hərbi-humanitar böhran yaratmaqla addım-addım öz geosiyasi maraqlarına doğru irəliləyir. Bu, tipik rus siyasətidir və belə də davam edəcək”.
Politoloq tərəflər arasında imzalanmış sənədin dayanıqlı və uğurlu olmadığını qeyd edib.