7 Aprel 2020 20:39
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası Avropada siyasi həmrəyliyi nümayiş etdirmədi. Yəni dövlətlər öz sərhədlərini bağlayaraq, daha çox öz problemləri ilə məşğul olurdular və Avropa İttifaqı ölkələri bir-birləri ilə yardımlaşma, həmrəylik göstərmək kimi cəhətləri nümayiş etdirə bilmədi. Bunun əsas siyasi məsuliyyəti Avropanın lokomativləri olan Fransanın və Almaniyanın, ilk növbədə Almaniyanın üzərinə düşür.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Almaniya özünün sənaye potensialına görə Avropa İttifaqına daxil olan digər dövlətlər qədər sənaye potensialına malikdir:

“Bu nöqteyi-nəzərdən daha varlı, daha firavan ölkədir və onun ilk növbədə İtaliya və İspaniyaya yardım göstərməsi çox gözlənilən bir hadisə idi. Amma bu baş vermədi. Yalnız son günlərdə müəyyən həmrəylik nümayiş etdirməyə başlayıb ki, bu da yetərli deyil. Bunu nəzərə alaraq İtaliya rəhbərliyi Avropa İttifaqının bayrağını ölkədə yarıya qədər endirib. Bununla Avropa İttifaqından narazılığını nümayiş etdirir”.

Qabil Hüeynlinin sözlərinə görə, bir çox şərhçilər Avropa İttifaqının siyasi perspektivlərinə ümidlə baxmırlar və hesab edirlər ki, Avropa İttifaqı dağıla bilər:

“Avropa İttifaqının dağılmasını ən çox istəyən Rusiya Federasiyası, Çin, həmçinin Avropa daxilindəki sağçı-millətçi qüvvələrdir. Bu qüvvələr Avropa ölkələrinə miqrantların gəlməsini istəmir və “Avropa Avropa üçündür”, Fransanın “Milli Birlik” hərəkatının (keçmiş “Milli Cəbhə” Partiyası) lideri Marin Le Penin timsalında “Fransa fransızlar üçündür” şüarını rəli sürürlər. Son zamanlar əksər ölkələrdə, xüsusilə Almaniya, Fransa kimi ölkələrdə sağ-millətçi təmayüllər xeyli güclənib və onlar ölkələrinin miqrant siyasətinin uğursuzluğunu xüsusi vurğulayır və bundan imtina etməyə çalışırlar”.

Bununla belə Q.Hüseynli bunun çox həyəcanverici bir hal olduğunu düşünmədiyini vurğulayıb:

“Son illərdə Avropa İttifaqının firavanlığa və iqtisadi inkişafa nail olmasının əsas səbəblərindən biri də Avropa ölkələrinin öz qüdrətini və birliyini praktikada reallaşdırması, Avropa İttifaqı kimi az qala yarımdövlət yaratmasıdır. Bu ölkələrin həm iqtisadi inkişafı, həm də maddi-sosial problemlərini həll etmə sahəsində xeyli irəli getmələri məhz bu birliyin sayəsində mümkün olub. Koronavirus bu birliyə müəyyən qədər kölgə sala bildi. Amma güman etmirəm ki, Avropa İttifaqı ölkələri koronavirusdan sonra, postkoronavirus dövründə bu inciklikləri qabardacaq və bu incikliklər Avropa İttifaqından çıxmaq üçün bəhanəyə çevriləcək”.

Politoloq bildirib ki, Almaniya artıq hərəkətə keçib:

“Fransa özü də müəyyən fəallıq göstərir. Avropa İttifaqının daha da möhkəmlənməsi istiqamətində müəyyən addımlar atılmağa başlanıb. Hətta ikinci “Marşall planı”nın qəbul edilməsi və bu planın ABŞ-ın köməyi ilə deyil, Avropa İttifaqının qabaqcıl ölkələrinin, ilk növbədə Almaniyanın iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, buna ehtiyac var. “Marşall planı” Avropanın İkinci dünya müharibəsindən sonra ayağa qalxması, iqtisadi cəhətdən dirçəldilməsi üçün 1948-cı ildə ABŞ dövlət katibi Corc Marşalın adı ilə adlanan bir iqtisadi layihə idi. O zaman ABŞ Avropanın, ilk növbədə Almaniyanın dirçəldilməsi üçün 30 milyard dollar ayırmışdı. İndi ikinci Marşall planı Avropa İttifaqının öz ölkələri, başda bu birliyin lokomotivi olan Almaniyanın iqtisadi və digər istiqamətlərdə inkişafa vəsait ayırması ilə müşayiət olunacaq. Zənnimcə, Avropa İttifaqı öz birliyini qoruyub saxlayacaq və dağılmağa imkan verməyəcək”.

Qeyd edək ki, Fransanın “Milli Birlik” hərəkatının (keçmiş “Milli Cəbhə” Partiyası) lideri Marin Le Pen Avropa İttifaqının koronavirus infeksiyası ilə mübarizədə Çinin köməyindən asılı olduğunu açıqlayıb. O deyib:
“Avropada heç bir şey yoxdur. Hazırda Avropa böyük subyektlərdən tamamilə asılıdır. Çindən tamamilə asılıdır. Bu böhan Avropa İttifaqının dəhşətli dərəcədə zəifliyini göstərdi”, – deyə Le Pen bildirib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər