17 Aprel 2020 14:33
2 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pandemiyanın bir müddət də davam edəcəyini düşünürəm. Bu keçəndən sonra onun vurduğu ziyanlar ortaya çıxacaq. İndi dünyanın bir çox ölkəsinin gerçək vəziyyətin hansı yerdə olmasından xəbəri yoxdur. Bu da pandemiya başa çatandan sonra ortaya çıxacaq”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Rəhbərlik etdiyiniz partiya nəhayət ki, Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq qeydiyyata alındı. Bundan sonra hansı fəaliyyətləri həyata keçirəcəksiniz, planlarınızda nələr var?

- Uzun zamandır partiyanın qeydiyyata alınması ilə bağlı bir sıra maneələr vardı, nəhayət, bu maneələr aradan qaldırıldı. Bu baxımdan, tam fəaliyyət azadlığı əldə etmişik. Əgər deyildiyi kimi, siyasi azadlığımız məhdudlaşdırılmayacaqsa, ilk növbədə əsas işimizi təşkilatlanma yönündə qurmaq istəyirik. Daha geniş və daha sürətlə təşkilatlanma və nizamnaməmizə uyğun formada fəaliyyət göstərmək niyyətindəyik.

- Digər hədəfləriniz nədir?

- Qeyd etdiyim kimi, partiyanın ilkin hədəfi təşkilatlanma işini başa çatdırmaqdır. Bundan sonra da niyyətimiz hər bir partiya kimi seçkilərdə iştirak edib, öz siyasi hədəflərimiz uğrunda irəliləməkdir. Əlbəttə, ilk növbədə, partiya buna hazırlaşmalı və o vaxta qədər hazırlıqlı olmalıdır. Bu hazırlanma prosesini başa vurmaq niyyətindəyik, bu da təşkilatlanma olmadan mümkün deyil.

- Gündəmin əsas müzakirələrindən biri də koronavirus pandemiyası ətrafında gedir. Nə düşünürsünüz, Yer kürəsini ələ keçirmiş bu infeksiya dünyanın siyasi həyatına hansı təsirləri göstərəcək?

- Pandemiyaya qədər də yeni dünya quruculuğu son – həlledici mərhələyə daxil olmuşdu. Sadəcə olaraq, pandemiya yeni dünya düzəni qurucuları üçün yeni bir fürsət oldu və mənim fikrimcə, bu prosesi sürətləndirəcək. Yəni, yeni dünya düzəninin qurulması yüksək sürət götürəcək. Artıq bunun tərkib hissəsi kimi dünya iqtisadi böhrana girməkdədir, iqtisadi tənəzzül gedir. Bu böhran özünü ən yüksək formada pandemiyadan sonra göstərəcək. Bu mərhələdən sonra dünyanın iqtisadi-maliyyə sisteminin yenidən qurulması, o cümlədən bir çox ölkələrdə bu böhranın daha da dərinləşməsi gözlənilir ki, bu da siyasi gərginliklərlə nəticələnə bilər.

Artıq 150-dən çox ölkə Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna borc üçün müraciət edib. Hesab edirəm ki, bu borcların verilib-verilməməsi də, yeni dünya düzəni üçün siyasi tələbləri ortaya qoyacaq. Bir sözlə, pandemiya bitər-bitməz çox sürətlə yeni dünya düzəni quruculuğunun həyata keçiriləcəyini görəcəyik. Mübarizə də bu müstəvidə gedir, bu daha da şiddətlənəcək və açıq şəkildə görünəcək.

- Yeni dünya necə olacaq, yəni bizim gördüymüz nizam necə dəyişəcək?

- Məsələ budur ki, heç kim dünyanı necə görmək istədiyini tam şəkildə açıqlamayıb. Amma aydın olan budur ki, İkinci Dünya Müharibəsindən sonra qurulan beynəlxalq münasibətlər sistemi, beynəlxalq hüquq normaları və prinsipləri artıq işləmir. Bu özünü 2008-ci il Gürcüstan, 2014-cü il Ukrayna böhranlarından sonra açıq şəkildə göstərdi. Mövcud sistem İkinci Dünya Müharibəsindən sonra qüvvələr nisbətinə uyğun qurulub. Artıq İkinci Dünya Müharibəsi də, “Soyuq müharibə” də arxada qalıb və yeni qüvvələr nisbətinə uyğun yeni münasibətlər sistemi formalaşacaq. Yəqin ki, bu çərçivədə də ölkələr üzrə qlobal iqtisadi-maliyyə sistemi yenidən qurulacaq. Əlbəttə, bu qısa zamanda baş verməyəcək, amma mübarizə əsasən bu yöndə gedəcək.

Pandemiyadan sonra aydın olacaq ki, qurulan yeni dünya düzəni ilə bağlı tərəflər razı olacaq, ya yox. Razı olacaqlarsa, biz daha yumuşaq prosesin şahidi olacağıq, razı olmayacaqlarsa, daha şiddətli prosesin başlanacağını görəcəyik. Burada əsas söhbət ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Fransa, Rusiya kimi ölkələr arasındakı münasibətlər və onların hədəflərindən gedir.

- Yəni, pandemiya dönəmində İtaliyanı köməksiz qoyan və bu müddət ərzində o qədər də effektli birlik olmadığını göstərən Avropa İttifaqı kimi birliklərin də gələcəyi şübhə altındadır?

- Qeyd etdiyim kimi, pandemiyadan sonra bütün mövcud sistem və bu mexanizmin ayrı-ayrı elementlərinə ən azı yenidən baxış olacaq, təftiş aparılacaq. Bu, Avropa İttifaqı ilə yanaşı, NATO, BMT, Avrasiya İqtisadi Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlara aiddir. Pandemiyadan sonra yeni qüvvələr nisbəti açıq şəkildə görünəcək. Dediyim kimi, pandemiya yeni dünya düzəni qurucuları üçün bir fürsət oldu.

- Bəs bu proses və bunun yaratdığı iqtisadi böhrandan kimlər güc yığaraq rahat çıxa biləcəklər?

- Əlbəttə, strateji ehtiyatları böyük olan dövlətlər. Bunların sayı da çox deyil. Bu mübarizə də böyük güclər arasında gedəcək. Bura ABŞ, yeni güc mərkəzi olmaq istəyən Böyük Britaniya, Avropa İttifaqının lider dövlətləri – Almaniya və Fransa, o cümlədən Rusiya və Çin daxildir. Bura müəyyən potensialı olan Braziliya və Hindistan da daxil ola bilər, amma onların bu prosesdə güclü çıxacağını düşünmürəm. Əsas yuxarıda sadaladığım güclər arasında münasibətlərin aydınlaşdırılmasının şahidi olcağıq.

- Həmin dövlətlər arasında gedən informasiya müharibəsində qarşılıqlı ittihamların səsləndirilməsinin şahidi oluruq. Həmin ittihamların bir çoxu koronavirusun bioloji silah olması ilə əlaqədardır. Bu yöndə olan ittiham və ya iddialar nə qədər məntiqlidir?

- Çox ciddi sualdır, kifayət qədər araşdırma aparılmadan, əldə elmi əsaslı sübutlar olmadan qəti fikir söyləmək çətindir. Artıq bir neçə dövlətdə bunun araşdırılması üçün xüsusi qruplar yaradılıb, təhqiqatlar aparılır. Düşünürəm ki, bir müddətdən sonra bu təhqiqatların nəticələri açıqlanacaq. Elmi sübut ortaya qoyulmalıdır ki, bu virusun qısa zamanda təbii şəkildə bir neçə dəfə mutasiyaya məruz qalaraq, bu duruma gəlməsi mümkündür, ya yox? Çünki bu virus ilk dəfə heyvanlar arasında ortaya çıxıb. Bunun indiki vəziyyətə gəlməsi üçün təbii şəraitdə qısa zamanda ən azı iki dəfə mutasiyaya məruz qalması lazım idi ki, ilk növbədə heyvandan insana, ikinci növbədə insandan insana keçə bilsin.

Bunun qısa vaxtda təbii şəraitdə indiki hala gəlib çatması sual yaradır. Bu sualı da araşdırırlar. Hər şey də bu suala veriləcək cavabdan asılı olacaq.

- Gərginlik nə vaxta yumşalmağa doğru gedəcək?

- Pandemiyanın bir müddət də davam edəcəyini düşünürəm. Bu keçəndən sonra onun vurduğu ziyanlar ortaya çıxacaq. İndi dünyanın bir çox ölkəsinin gerçək vəziyyətin hansı yerdə olmasından xəbəri yoxdur. Bu da pandemiya başa çatdıqdan sonra ortaya çıxacaq.

Bir çox dövlətlər, xüsusən də, qeyri-demokratik ölkələr baş verənlərlə bağlı nə öz, nə də beynəlxalq ictimaiyyətlərə obyektiv informasiyalar veriirlər. Buna görə də real vəziyyətin üzə çıxmasını bir müddət də gözləməli olacağıq. İran, Rusiya və Çin vaxtında obyektiv informasiya vermədiklərinə görə ittiham olunurlar. Artıq Çinə qarşı böyük təzminat iddialarının qaldırılacağı gözlənilir. Bu xəmir hələ çox su aparacaq. Həm beynəlxalq, həm də o ölkələrin öz ictimaiyyətləri tərəfindən sorğu-suallar bundan sonra başlayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər