Mixail Sakaaşvilinin Ukraynada yüksək vəzifəyə dəvət edilməsi əslində prezident Vladimir Zelenski tərəfindən atılması gözlənilən real addım idi. Fikrimcə, Sakaaşvilinin yenidən Kiyevə dəvət edilməsinin böyük siyasi səbəbləri var. Öncə onu qeyd edim ki, hazırda Zelenskinin reytinqi ölkədə aşağı düşüb. Qərbin Ukraynada qəbul etdiyi siyasi fiqurları Zelenski istefaya göndərib. Bu sırada baş nazir və baş prokurorun adlarını çəkmək olar.
Bu sözləri Teleqraf.com-a professor Əli Abbasov Gürcüstanın sabiq prezidenti Mixail Sakaaşvilinin yenidən Ukrayna hökumətinə dəvət olunub baş nazirin islahatlar üzrə müavini təyin edilməsini şərh edərkən deyib.
Mütəxəssis bildirib ki, Zelenski qərbin qarşısında öz imicini düzəltmək və reytinqini qaldırmaq niyyətindədir: “Bu işdə ona Sakaaşvili kimi fiqurlar müəyyən üstünlüklər verə bilər. Yəni Sakaaşvili kimi Qərb dəyərlərini müdafiə edən siysətçinin vəzifəyə gətirilməsi qərbdə Ukrayna hökumətinə etimadı qaldırar.
Ancaq iş ondadır ki, baş nazirin bir neçə müavini var. Sakaaşvili ümumi islahatlar üzrə müavindir. Amma dəqiq bilinməlidir ki, ona hansı sahələri tapşırılacaq... Hələlik bu bəlli deyil. Sakaaşvili siyasi, iqtisadi, sosial və ya kənd təsərrüfatı sahəsində islahatlar aparacaq? Bax bu kimi konkret məsələlərə hələlik cavab yoxdur. İstənilən halda Sakaaşvilinin təyinatında bir məqsəd də Zelenski hökuməti ilə Qərb arasında möhkəm körpü qurmaq, tənqid və narazılıqları aradan qalırmaqdır.
Zelenski seçiləndən dərhal sonra Sakaaşvilinin vətəndaşlığını bərpa edildi, amma ona vəzifə təklifi olunmadı. İndi prezidentin çətin dövründə Sakaaşviliyə vəzifə təklifi edilibsə, deməli, konkret məqsəd var. Sakaaşvilinin Ukraynadakı gələcək perspektivi isə onun Zelenski ilə Qərb arasında möhkəm əlaqələr yaradıb-yarada bilməyəcəyindən asılı olacaq”.
Sakaaşvilinin bir siyasətçi kimi iddiaları olduğunu xatırladan politoloq əlavə edib ki, o, praqmatik siyasətçi kimi heç vaxt Ukraynada birinci adam ola bilməyəcəyini yaxşı anlayır: “Sakaaşvili bu reallığı bilir və buna görə siyasətini quracaq. Anlayır ki, ən yaxşı halda “boz kardinal” statusunda vəzifə tuta bilər. Əslində Sakaşvilinin arzusu Gürcüstanda durumun dəyişməsi və onun vətəninə qayıdaraq orada karyerasına davam etdirməkdir. Bu baxımdan Ukraynada ciddi siyasi fəaliyyət göstərmək, xalqın rəğbətini qazanmaq onu bu arzularına daha da yaxınlaşdıra bilər”.
Əli Abbasov əlavə edib ki, Sakaaşvili ilə Ukraynanın daxili işlər naziri Avakov arasında ciddi münaqişə var: “Əslində hazırda Ukraynada ciddi nüfuza malik şəxslərdən biri də erməni mənşəli Avakovdur. Avakov keçmiş siyasi elitanın nümayəndəsi olmaqla paralel ölkədə populyar adamdır. Zamanında onunla Sakaşvili arasında münasibətlər pis idi. Ehtimal edirəm ki, Sakaaşvilidən Avakova qarşı da istifadə etmək niyyəti ola bilər”.