16 May 2020 20:02
1 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Şuranın sonuncu videokonfransında siyasətin qeybət səviyyəsinə endirilməsi görüntüsü yarandı. Əslində isə o ana qədər üzdə görünməyən reallıqların bunları bilməyən insanlara da çatdırılmasının şahidi olduq”.

Milli Şuranın videokonfransında səsləndirilən fikirlər və sözügedən qurumda baş verən istefalar haqda Teleqraf.com-a danışan “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov belə deyib.

Onun sözlərinə görə, siyasət Milli Şurada çox vaxt qeybət səviyyəsində müzakirə olunub və bu formada aparılıb:

“Həmişə müxalifətdaxili məsələlərə həqarətlə yanaşmaq, müxalifətdəki digər qüvvələri aşağılamaq və onları necə sıradan çıxarmaq kimi məsələlər orada həmişə söhbət mövzusu olub. İctimai-siyasi proseslərdə olan adamların əksəriyyəti onları tanıyır. Yəni, bu, bizim üçün yenilik deyil, sadəcə olaraq, indi üzə çıxdı.

Azərbaycanda müxalifət adına iddia edən, ancaq “mən-mən”, “müxalifət mənəm” deyib, ortaya iddia qoyan bir qüvvənin siyasi prosesləri analizləri və ya müzakirələri bu səviyyədədirsə, vay onların halına. Vay, ona görə bizim halımıza yox ki, biz onların nə işlə məşğul olduğunu bilirik. Vay onların özlərinin, onların aldatdığı müəyyən insanların halına ki, indiyədək kimlərin arxasınca gediblər. Hesab edirəm ki, bu gec-tez məlum olmalı idi və belə də oldu.

Nəticədə daxildə bir fikir ayrılığı yarandı, artıq məlum olur ki, o insanlardan istefa vermələri - Milli Şuradan getmələri tələb olunub. Bu səbəbdən də, istefa verdilər. Digər yandan, Milli Şuranın adı nə qədər böyük səslənsə də, özü böyük olmayan bir təşkilat idi. Bu, 2013-cü ildə yaranan Milli Şura deyil. O zaman həmin Milli Şuranın özünə yanaşmalar fərqli idi, orada başqa məsələlər var ki, bunu çox adam bilir. O Milli Şura artıq 2013-cü ildən sonra dağılmışdı. Bundan sonra “Yurd”un diktəsində, onun liderliyində olan bir qrup qalmışdı. Bu qrup da, fiaskoya uğramağa məhkum oldu. Həmin qrupun tamamilə dağılıb sıradan çıxması labüddür”.

Rəfail Becanov Milli Şuranın məlum toplantısında bir sıra şəxslərin öz opponentlərinin ünvanlarına təhqiramiz fikirlər səsləndirməsinə də toxunub:

“Söyüş, təhqir, şantaj və böhtanı Azərbaycan siyasətinə Əli Kərimli gətirib. Bu indinin tarixi deyil. 1995-ci ildən üzü bəri belədir. O zaman “Azadlıq” qəzetinin redaksiyasında yerləşən Xalq Cəbhəsinin qərargahında Əli Kərimlinin öyrədilmiş adamlarının işi, Əbülfəz Elçibəyin əleyhinə hazırlanmış təhqiramiz ifadələri yaymaq idi. Xarici ölkələrin Azərbaycandakı səfirliklərində keçirdikləri görüşlərdə belə, Elçibəyi təhqir edirdilər. Bu gün isə sosial şəbəkələr bu söyüşlərin, təhqirlərin, şantaj kampaniyalarının çılpaqlığıyla üzə çıxmasına şərait yaratdı.

Hesab edirəm ki, bu söyüş kampaniyasını aparan və hədəf seçilmiş şəxslərin ünvanlarına təhqirlər yağdıran insanlar “Yurd” rəhbərliyi tərəfindən təlimatlandırılırlar. Bunun başqa variantı yoxdur. Siyasətdə rəqib olmaq olar, fikir ayrılığına düşmək olar, qəbul edib-etmədiyin adamlar olar, amma insanları açıq bir dillə, etikadan kənar sözlərlə təhqir etmək, nə siyasətin, nə də digər dəyərlərin qəlibinə sığır. Amma çox adam bunu da bilir ki, o zümrəni təmsil edən insanlar siyasətə hansı “yenilikləri” gətirib. Bu siyasət deyil, əxlaqi dəyərlərin üstündən xətt çəkməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər