Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası”nda martın 31-də və aprelin 14-də olmaq şərtilə iki mərhələdə keçirilən qanunsuz və beynəlxalq hüquq normalarına zidd olan seçkilər Ermənistanın və erməni lobbisinin bütün dünyada ifşa prosesinin mühüm səhifəsi olduğu kimi, bu qondarma seçkidən sonra mayın 21-nə planlaşdırılan “inauqurasiya” mərasiminin özü də Ermənistanın apardığı təcavüzkar və işğalçı siyasətin növbəti ifşa faktına çevriləcək.
Bunu Teleqraf.com saytına açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.
O qeyd edib ki, bunun başqa mənası yoxdur:
“Çünki martın 31-də və aprelin 14-də keçirilən “seçkilər”ə indiyədək qondarma “DQR”də keçirilmiş "seçkilər"in heç birinə münasibətdə olmayan bir səviyyədə neqativ və əks beynəlxalq reaksiyalar gördük. Bu beynəlxalq reaksiyalar həm də dərhal verildi. Çoxlu sayda beynəlxalq təşkilatlar, həm də indiyədək qondarma “DQR”dəki qanunsuz seçkilərin üstündən bəzən sükutla keçən beynəlxalq təşkilatlar belə onu operativ şəkildə pislədilər. Bu seçkilərin sülh prosesinə mane olduğunu açıq şəkildə vurğuladılar. Bütün bunlar Qarabağdakı qondarma seçkilərin, separatçı rejimin ifşasına xidmət edən real faktlara çevrildi”.
Aydın Quliyev qeyd edib ki, mayın 21-də keçirilməsi gözlənilən “inauqurasiya”nın məhz həmin qeyri-legitim, qanunsuz və beynəlxalq hüquq prinsiplərinə zidd olan “seçki”lərin tanınmayan nəticəsi olduğuna dünyada heç bir şübhə yoxdur və dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bu “inauqurasiya”ya da öz sözlərini deməlidirlər:
“Ancaq biz də məsələni nəzərdən qaçırmamalıyıq. Fikrimcə, Azərbaycan Xarici İşlər Nazirliyinin, Azərbaycan parlamentinin bu məsələlərlə bağlı çox kəskin reaksiyaları olsa, bunun daha böyük effekti ola bilər. Yəni, Nikol Paşinyan hakimiyyəti bir yandan Ermənistanda pandemiyanın son həftələrdə tüğyan etdiyi ilə bağlı dünyaya car çəkir, digər tərəfdən isə qondarma “DQR”də bu “seçkilər”in nəticəsi olaraq “inauqurasiya” mərasimində iştirak etməyə hazırlaşmaqla əslində pandemiya üçün yeni, daha təhlükəli risk mənbəyi yaradır. Ona görə hətta Ümumdünya Səhiyyə Təşkilatı da bu məsələyə reaksiya verməlidir. Əgər Ermənistanda doğrudan da ağır pandemiya şəraiti varsa və pandemiyanın ikinci dalğası gözlənilirsə, onda pandemiyanın daha geniş yayılma riskinə malik olan belə bir “inauqurasiya”nın keçirilməsinə nə ehtiyac var? BMT-nin Təhlükəsizlik Şurası, BMT-nin Baş katibi, eləcə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri və ayrıca Minsk qrupu bu “inauqurasiya” mərasiminə öz kəskin reaksiyalarını bildirməlidirlər. Aydın məsələdir ki, Azərbaycanda da ictimai təşkilatlar, media, digər müvafiq qurumlar bir daha ifadə etməlidirlər ki, Dağlıq Qarabağdakı bu tanınmayan əməllər, siyasi aksiyalar Qarabağ münaqişəsinin həllini uzatmaqla bərabər Azərbaycanın güc variantına əl atmaq zorunda qalmasını bir daha zərurətə çevirir”.
Qeyd edək ki, mayın 21-də Şuşadakı gənclər mərkəzində qondarma rejimin yeni başçısı Araik Arutyunyanın “inauqurasiya” mərasimi keçiriləcək. Qondarma rejimin yeni başçısının mətbuat katibi Vaqram Poqosyan bildirib ki, mərasimin məhdud çevrədə keçirilməsi planlaşdırılır. Belə ki, cəmi 100 nəfər adam dəvət olunub.